Atasını qətlə yetirməkdə təqsirləndirilən Azay Qaraşov barədə həbs qətimkan tədbiri seçilib.
Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Kürdəmir rayonunda baş vermiş qəsdən adam öldürmə cinayətinin isti izlərlə açılması təmin edilib.
Qeyd edilib ki, iyulun 26-da Kürdəmir rayonu Pirəköcə kənd sakini Azər Qaraşovun yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktına görə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq aparılır.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə 2005-ci il təvəllüdlü Azay Qaraşovun ailə münasibətləri zəminində atası Azər Qaraşovu ov silahından bir neçə dəfə atəş açmaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Azay Qaraşov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.