4-17 sentyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı başa çatmaq üzrədir.
“Report” xəbər verir ki, Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.
“Körpücük” üzərinə son olaraq Dadaş Dadaşbəyli çıxıb. O, 109 kq çəki dərəcəsində yarışıb.
Atletimiz birdənqaldırmada 180 kq-ı ram edib və bu hərəkətdə dünya çempionatının bürünc medalını qazanıb.
Dadaş təkanlaqaldırmada 223 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə dünya çempionatının bürünc medalçısı olub.
Toplam 403 kq (180+223) nəticə göstərən Dadaşbəyli dünya çempionatının yekun sıralamasında da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxıb.