2008-ci il dekabrın 11-də BMT Baş məclisi avqustun 19-nu Ümumdünya Humanitar Yardım Günü elan edib. 2003-cü ilin həmin günü BMT-ın Bağdaddakı qərargahında baş verən partlayış nəticəsində 22 nəfər həlak olub. Həlak olanlar arasında görkəmli xadim Serjiu Vieyra di Mellu də var idi.
BMT-ın baş katibi Antoniu Qeterreş 2019-cu ildə humanitar köməyin Ümumdünya Yardım Günü münasibəti ilə müraciətlə çıxış edib. BMT-ın Bakı ofisindən baş katibin AZƏRTAC-a göndərilən müraciətində deyilir: “Ümumdünya Humanitar Yardım günü, öz həyatlarını təhlükə altına qoyaraq başqalarının həyatını xilas etmək və yaxşılaşdırmaq üçün çalışan bütün humanitar yardım işçilərinə həsr olunur.
Bu il, milyonlarla ehtiyac içində olan qadın, kişi və uşaqlara göstərdikləri böyük köməyə görə humanitar yardım sahəsində çalışan qadınlara xüsusi təşəkkürümüzü bildiririk.
Böhran vəziyyətində yaşayan vətəndaşlara yardımdan tutmuş, xəstəliklərin yayılmasına qarşı mübarizəyə qədər – onlar hər zaman ön sırada olublar.
Onların iştirakı yardım əməliyyatlarının əhatə dairəsini genişləndirir və daha səmərəli edir.
Qadınların iştirakı, həmçinin fövqəladə vəziyyətlər zamanı artan gender əsaslı zorakılıq hallarına qarşı müvafiq tədbirləri gücləndirir.
Sizi, bu gün və ayın sonunadək onlayn platformalar və sosial şəbəkələr vasitəsilə onların hekayələrini bölüşməyə dəvət edirik.
Bununla, biz humanitar yardım əməliyyatlarında qadınların rolunun gücləndirilməsi kimi müştərək öhdəliyimizi bir daha açıqlayacağıq.
Dünya liderləri və münaqişə tərəfləri, beynəlxalq hüquqa uyğun olaraq humanitar yardım işçilərinin qorunmasını təmin etməlidir.
Dünyada beynəlxalq humanitar və insan hüquqları normalarının ciddi şəkildə pozulması davam edir. Belə hallar araşdırılmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Ümumdünya Humanitar Yardım günündə, eləcə də hər gün, dünyanın müxtəlif yerlərində çalışan humanitar yardım işçilərinin yanındayıq”.