Avropa İttifaqı (Aİ) ABŞ-ın Venesuelaya qarşı birtərəfli sanksiyalarını dəstəkləməyəcək. AZƏRTAC Euronews telekanalının saytına istinadla xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəsmisi Karlos Ruis de Qordexuela bəyan edib.
Avropa Komissiyasının nümayəndəsi deyib: “ABŞ-ın sanksiyaları üzrə bizim mövqeyimiz dəyişməz olaraq qalır. Adətən biz bu məsələni şərh etmirik, lakin hər zaman birtərəfli tədbirlərin eksterritorial prinsipi ilə tətbiqinə qarşı çıxırıq”. O əlavə edib ki, Aİ-nin Venesuelaya qarşı mövcud sanksiyaları istiqamətverici xarakter daşıyır və bu ölkənin rəhbərliyindəki bir sıra şəxslərə qarşı şəxsi məhdudiyyətləri nəzərdə tutur. Karlos Ruis de Qordexuelanın sözlərinə görə, Aİ siyasi vəziyyətdən asılı olaraq Karakasa qarşı qara siyahını genişləndirə və ya ixtisar edə bilər, lakin əhalinin vəziyyətini daha da pisləşdirəcək heç bir əlavə sanksiyalar tətbiq etmək niyyətində deyil.
Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp avqustun 6-da Amerikanın yurisdiksiyası altında olan mülkiyyəti tamamilə bloklayan və hər hansı maliyyə vəsaitinin, mal və xidmətlərin ayrılmasını qadağan edən fərman imzalayıb. The Washington Post yaxıb ki, bu addım Venesuelaya qarşı tammiqyaslı iqtisadi embarqonun tətbiqi deməkdir.