Fransanın Strasburq şəhərində Avropa Şurasının (AŞ) Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin (CDCPP) 11-ci plenar iclası keçirilib. Hibrid formatda keçirilən iclasda 46 ölkə və təşkilatdan 50 nümayəndə iştirak edib. İclasda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı Murad Əliyev təmsil edib.
Nazirlikdən Trend-ə bildirilib ki, tədbir zamanı AŞ-nin mədəniyyət, irs və landşaft istiqamətlərində olan konvensiyalarının və tövsiyə sənədlərinin icra vəziyyəti haqqında müzakirələr aparılıb, üzv ölkələr tərəfindən aparılan işlər barədə qısa hesabat verilib. Həmçinin iclasda üzv ölkələr arasında təcrübələrin paylaşılmasında akademik dairələrin, müstəqil ekspertlərin və gənclərin rolundan söz açılıb. Əlavə olaraq iclas zamanı AŞ-nin xüsusilə mədəniyyət və irs sahəsi üzrə ixtisaslaşmış digər layihələri barədə geniş məlumat verilib və Azərbaycan da daxil olmaqla fəal ölkələrə göstərilən dəstəyə görə təşəkkürlər edilib.
Bununla yanaşı, müvafiq sahələr üzrə dayanıqlı sülhün və süni intellektin mədəniyyət sahəsinin inkişafında töhfəsi əsas müzakirə mövzularından olub.
Bu xüsusda, M.Əliyev çıxış edərək Mədəniyyət Nazirliyi tərəfindən aparılan işlər, mədəni irsimiz və ölkəmizin irəli sürdüyü “Bakı Prosesi” və “Mədəniyyət naminə sülh” qlobal çağırışı kimi təşəbbüslər barədə məlumat verib, AŞ ilə əməkdaşlıq perspektivləri barədə danışıb.
İclasın sonunda CDCPP-nin Bürosuna seçkilər keçirilib. Büronun növbəti iki il üçün sədri vəzifəsinə Norveç təmsilçisi Terye Birkrem Holand öz namizədliyini irəli sürmüş və keçirilən səsvermə nəticəsində yekdilliklə seçilib.