Azərbaycan, Norveç və ya Əlcəzair kimi digər qaz tədarükçüləri ilə yeni uzunmüddətli müqavilələrin bağlanması mavi yanacağın dünya qiymətlərinin aşağı düşməsinə səbəb olacaq.
Trend-in Avstriya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Avstriyanın enerji tənzimləyicisi E-Control şirkətinin rəhbəri Volfqanq Urbançiç deyib.
“Rusiya bir gün xətləri kəsərsə, Avstriya nə qədər dayana bilər? – V.Urbancic deyib.
E-Control rəhbərinin izah etdiyi kimi, hazırda əsas məqsəd qaz anbarlarının doldurulması olmalıdır ki, gələn qış üçün kifayət qədər yanacaq olsun.
“Avstriyada qazdan bir milyon ev təsərrüfatını isitmək, həmçinin elektrik enerjisi ilə təmin etmək üçün istifadə olunur. Əsas məqsəd enerji mənbələrinin (elektrik stansiyalarının) işlək vəziyyətdə saxlanmasıdır, əks halda elektrik enerjisində fasilələr yarana bilər”, – V.Urbançiç bildirib.
Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra enerji qiymətləri kəskin artıb və Rusiyadan qazın mərhələli şəkildə dayandırılmasının qiymətlərin daha da yüksəlməsinə səbəb olacağı ilə bağlı qorxu var:
“İndi Əlcəzair, Azərbaycan və ya Norveç kimi digər qaz tədarükçüləri ilə yeni uzunmüddətli müqavilələr imzalana bilər. Əminəm ki, o zaman qiymətlərlə bağlı vəziyyət normallaşacaq”.