Mövcud pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə məsləhətləşmələr aparılır.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemləri olduğundan TƏBİB-in tövsiyəsinə əsasən onların işə salınmasına məhdudiyyət qoyulub. Bildirilib ki, havanın daxildə dövr olunması COVID-19 infeksiyasının yayılma riskinin artırır.
Həmçinin avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır. Yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək. Hazırda isə avtobuslarda pəncərələri açıq saxlamaqla təbii havalandırmanın təmin olunması ilə bağlı göstəriş verilib.