Ötən sutka ərzində düşmən bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini, Tərtər, Goranboy daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi, o cümlədən Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Tovuz, Gədəbəy və Daşkəsəndə yerləşən mövqelərimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov noyabrın 6-da Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə bildirib.
Anar Eyvazov deyib ki, əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində gedən döyüş əməliyyatlarında düşmən bölmələri şəxsi heyət və texnika sarıdan itkilər verərək geriyə çəkilməyə məcbur edilib. Ordumuz Ağdam və Ağdərə istiqamətlərində pusquya salmaqla və atəş zərbələri ilə düşmənin hərbi kolonunu, artilleriya batareyasını və silah-sursat anbarını darmadağın edib. Düşmənin komandir heyəti daxil olmaqla xeyli sayda canlı qüvvəsi, bir rabitə avtomobili, sursatla dolu iki “KamAz” maşını və qoşqusunda top olan üç “Ural” maşını, xeyli sayda digər sursat və artilleriya qurğuları məhv edilib.
Mətbuat katibi qeyd edib ki, düşmənin Tərtərin işğal olunmuş Göyarx kəndinin ərazisindəki minaatan heyəti ordumuzun dəqiq atəşi ilə məhv edilib. Cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itki verən düşmən bu itkilərin yerini doldura bilmir, bölmələrdə ərzaq, hərbi əmlak, döyüş sursatı və yanacaq çatışmır. Bölmələrinin idarə olunmasında problemlər var.
Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə ordumuzun zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb.
Anar Eyvazov deyib ki, Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycan əsgəri düşmənin işğal edilmiş ərazilərdə 30 il müddətində tikdiyi istehkam maneələrini yarır, qurduğu pusquları dağıdır və hədəfə yaxınlaşır. Əks-hücum əməliyyatında ordumuzun qarşısında duran əsas tapşırıq çətin relyef və iqlim şəraitində mütəşəkkil qaydada irəliləmək və işğal altında olan torpaqlarımızı cinayətkar ordu qruplaşmasından xilas etməkdir.
Mətbuat katibi qeyd edib ki, hazırda Azərbaycan Ordusunun qarşısında təkcə Ermənistan silahlı qüvvələrinin bölmələri deyil, həm də xaricdən cəlb edilmiş xeyli sayda muzdlu və əcnəbi terrorçu döyüşçülər var. Əldə edilən kəşfiyyat məlumatlarına görə, bu döyüşçülər erməni əsilli müxtəlif ölkə vətəndaşlarıdır. Ermənistanın hərbi-siyasi rəhbərliyi hiyləgərcəsinə onları qabağa, faktiki olaraq ölümə verməklə bu əcnəbilərin Azərbaycan tərəfindən döyüşlərə cəlb edildiyinə dair iftiralar atır, onların cəsədlərinə də sahib çıxmır. Əcnəbilərin belə ərazilərdə kifayət qədər döyüş təcrübəsi olmadığına və dil probleminə görə onların qarşılıqlı fəaliyyətinin təşkilində ciddi problemlər yaranır. Pərakəndə şəkildə fəaliyyət göstərən bu qruplaşmaların Azərbaycan Ordusu ilə döyüşə girməkdən imtina etmələrinə dair məlumatlar var. Əcnəbi döyüşçülər də Ermənistanın hərbi-siyasi rəhbərliyinin tələsinə düşdüklərini dərk etməli, dərhal silahı yerə qoymalıdır. Ali Baş Komandanımızın rəhbərliyi ilə uzun müddətdir bu günə hazırlaşan Azərbaycan əsgəri hazırda döyüşdə zəfər qazanır. Qələbə bizimlədir.