Mayın 13-dən etibarən Qazaxıstan Respublikasında “Gələcəyə baxış: ictimai şüurun modernləşməsi” dövlət proqramı çərçivəsində “Mangistau vilayətinin maddi və qeyri-maddi tarixi-mədəni irsi” adlı kompleks kəşfiyyat xarakterli beynəlxalq ekspedisiya fəaliyyətə başlamışdır. Beynəlxalq əhəmiyyətli tədqiqatlara Qazaxıstan alimləri ilə yanaşı Azərbaycan, Türkiyə və Rusiya alimləri də cəlb edilmişdir. Kompleks kəşfiyyat xarakterli beynəlxalq ekspedisiyada Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Tədris və Beynəlxalq əlaqələr” şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov və İnstitutun “Antik dövr arxeologiyası” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov təmsil etmişlər.
Qazaxıstanın A.Marqulan ad. Arxeologiya İnstitutunun və Ş.Yesenov ad. Texnologiya və İnjinirinq üzrə Kaspiysk Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirin əsas istiqamətlərinə — Qazaxıstanın Mangistau vilayəti ərazisində müxtəlif elm sahələri (arxeologiya, tarix, etnoqrafiya, şərqşünaslıq, türkologiya və d.) mütəxəssislərin də ibarət kompleks kəşfiyyat ekspedisiyaların təşkili, sakral mənalı tarixi və mədəniyyət abidələrinin öyrənilməsi, etnososioloji araşdırmaların aparılması, epiqrafik abidələrin qeydiyyatı, bölgənin tarixi, maddi mədəniyyət abidələri barədə toplanmış materialların bazasında müxtəlif dillərdə elmi və elmi-populyar əsərlərin nəşri, kompleks tədqiqatların nəticələri əsasında elmi hesabatların hazırlanması daxildir.
Qeyd edək ki, beynəlxalq kəşfiyyat ekspedisiyası 3 turdan ibarətdir. 2000 km-lik marşrutu əhatə edən kəşfiyyat xarakterli beynəlxalq ekspedisiyanın ilk turu mayın 13-dən 20-dək davam etmişdir.
Azərbaycanlı arxeoloqların da iştirak etdiyi beynəlxalq ekspedisiyanın ilk turunda Mangistau vilayətinin inzibati mərkəzi olan Aktau şəhərində, Şerkala və Ayraktı dağlarında, həmçinin, Beltoran, Mırzayır, Bozjıra, Üstyurt, Janasu və d. yerlərdə yerləşmiş, müxtəlif dövrlərə aid Qoşqarata, Sultanapa, Masatata, Sisemata, Oqlandı, Karamanata, Şopenata, Beketata, Beşbulaq və d. nekropollara, yerüstü və yeraltı məscidlərə, sakral damğalı stelalara, qədim inancları əks etdirən abidələrə, mavzoleylərə və kurqanlara d. müxtəlif çeşidli qədim tikililərə, arxeoloji qazıntı sahələrinə kəşfiyyat xarakterli baxış keçirilmiş, müxtəlif kriterili təsnifat üzrə qeydlər aparılmışdır. Həmçinin, ekspedisiya üzvləri yerli əhalinin etnoqrafik dəyərləri, bölgənin arxeoloji tədqiqatları zamanı əldə edilmiş maddi mədəniyyət nümunələri ilə tanış olmuşlar.
Kompleks kəşfiyyat xarakterli beynəlxalq ekspedisiyanın birinci turunun sonunda Aktau şəhərində azərbaycanlı arxeoloqlar S.Aşurovun və N.Alışovun da iştirak etdiyi ilkin yekunlar barədə geniş tərkibli mətbuat konfransı keçirildi. Mətbuat konfransında beynəlxalq tədqiqat heyətinin üzvləri ekspedisiyanın qarşıdakı digər mərhələləri çərçivəsində birgə araşdırmaların davam etdiriləcəyini bildirdilər.