Azərbaycan Beynəlxalq Bankı startapçı gəncləri mükafatlandırıb

Azərbaycan Beynəlxalq Bankının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan İnternet Forumu ilə birgə həyata keçirdiyi “Startap günləri” layihəsi uğurla başa çatıb.

“Report” bu barədə banka istinadən xəbər verir.

Məlumata görə, “StartupFest 2019” tədbiri çərçivəsində layihənin bağlanış və mükafatlandırma mərasimi keçirilib. Mərasimdə startapçı gənclərə Azərbaycan Beynəlxalq Bankının da mükafatları təqdim olunub.

Bu ilin aprel-iyul aylarını əhatə edən layihə çərçivəsində Bakı, Gəncə və Lənkəran şəhərində yerləşən 8 ali və 1 peşə təhsili müəssisəsində startap müsabiqələri təşkil olunaraq qalib komandalar seçilib. Layihənin bağlanış mərasimində isə qalib komandalar arasında final yarışı baş tutub.

Yekunda mükafatlandırma mərasimi keçirilib və qaliblərə qiymətli hədiyyələr təqdim edilib. Azərbaycan Beynəlxalq Bankının fəal dəstək verdiyi bu layihədə ümumən 1000-dən çox gənc iştirak edib.

“Startap günləri” layihəsinin məqsədi ölkəmizdə innovasiya fəaliyyətinin təşviqi, paytaxt və region gənclərinin yeni ideyalarının üzə çıxarılmasıdır.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Taleh Tahirli bildirib ki, bank innovativ təşəbbüslərin dəstəklənməsi üçün davamlı layihələr həyata keçirir: “Bu layihələr cəmiyyətimizin gələcəyinə qoyulmuş sərmayədir. Startap ideyalarına malik gənclərə kömək göstərməklə biz ölkəmizdə startap ekosisteminin inkişafına töhfə vermiş oluruq və bundan çox məmnunuq”.

Xatırladaq ki, müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ƏvvəlkiMüdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Hərbi Komitəsinin sədri ilə görüşüb
NövbətiTAP-ın Yunanıstan hissəsi qazla doldurulub