BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyası çərçivəsində Gürcüstan və 53 ölkənin təşəbbüskarı olduğu qətnamə qəbul olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
“Gürcüstanın Abxaziya və Tsxinval bölgəsi/Cənubi Osetiyadan olan məcburi köçkün və qaçqınların statusu barədə” qətnaməni 84 ölkə dəstəkləyib. Sənədin əleyhinə 13 ölkə çıxıb, 78 ölkə isə səsvermədən imtina edib.
Azərbaycan ötən il də olduğu kimi Gürcüstanın təqdim etdiyi qətnaməni dəstəkləyən ölkələrin sırasında yer alıb. Ermənistan isə ənənəsinə sadiq qalaraq səsvermədə iştirak etməyib.
Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib ki, qətnamənin xüsusən də pandemiya dövründə qəbulu ölkənin hər zaman beynəlxalq gündəlikdə olduğunu sübut edir. XİN başçısı sənədi dəstəkləyən tərəfdaş ölkələrə minnətdarlıq edib.
Baş nazir Giorgi Qaxaria öz növbəsində qətnaməni Gürcüstan diplomatiyasının qələbəsi adlandırıb.
Qeyd edək ki, 2008-ci ildən etibarən BMT Baş Assamleyasında Gürcüstanın işğal altındakı ərazilərdən olan məcburi köçkün və qaçqınların öz torpaqlarına qaytarılmasına dair qətnamə qəbul olunur. Azərbaycan hər dəfə qətnamənin lehinə səs verərək Gürcüstana davamlı dəstəyini nümayiş etdirir.