İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kiloqram) mübarizəyə qoşulub.
İkiqat Avropa çempionumuz 1/32 final çərçivəsində Deepak Deepakı (Hindistan) sınağa çəkib. N.Hüseynov gərgin keçən döyüşdə son dünya çempionatının bürünc medalçısını 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edib.
Yığma üzvü ikinci görüşündə ilk mərhələdən azad olan Sahil Alahverdovi (Gürcüstan) ilə üz-üzə gələcək.
Döyüş martın 6-da baş tutacaq.
Qeyd edək ki, turnirin ikinci günündə Azərbaycan millisinin daha 2 boksçusu rinqə çıxacaq.