“Azərbaycan Dəmir Yolları”QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramovanın Türk.az-a verdiyi məlumata görə,Sərnişindaşıma ilə məşğul olan qurumların üzləşdiyi əsas problemlərdən biri, sərnişinlərin xidmətdən narazı qalmasıdır.
Bu baxımdan istər özəl şirkətlər olsun, istərsə də dövlət qurumları
tərəfindən sərnişlərin xidmətdən razı qalması üçün, onları narahat edə
biləcək ən kiçik xırdalıqlara diqqət yetirilir. Burada əsas məsuliyyət
sərnişinlərlə birbaşa ünsiyyətdə olan əməkdaşların üzərinə düşür.
Məsələn, bələdçilərin.
Yuxarıda göstərilənləri nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları”
QSC bələdçilər üçün “Müştəri məmnuniyyəti” mövzusunda təlimlərə
start verib.
Təlimlər hər bir qrup üçün 3 gün keçirilir. Bu təlimlər ümumilikdə
500 bələdçini əhatə edəcək. 300-ə yaxın bələdçi təlimi artıq bitirmişdir.
Məqsəd, xidmət səviyyəsini artırmaqla, müştəri məmnuniyyətini təmin
etməkdir. Təlimlərdə bələdçilərə daha çox sərnişinlərin qarşılanması,
onlara yüksək və keyfiyyətli xidmətin göstərilməsi, hər bir sərnişinə
individual yanaşma, həmkarları ilə xoş rəftar, ən əsası isə müxtəlif çətin
situasiyalarda davranış qaydaları aşılanır. Çünki pozitiv bələdçi məmnun
sərnişin deməkdir.
Sirr deyil ki, bəzi sərnişinlərlə ünsiyyətə girmək, o qədər də asan
olmur. Təlim layihəsinə cəlb olunmuş təlimçilərin missiyalarından biri
də, konfiliktə səbəb olan ifadələrdən istifadə etməmək kimi vərdişləri
aşılamaqdır.
Təlimlər sentyabr ayının sonunadək yekunlaşacaq və iştirakçılara
sertifikatlar təqdim ediləcək. Növbəti mərhələdə isə yük qəbulu üzrə
mütəxəssislər və bilet satışı ilə məşğul olan kassirlər bu təlimlərə cəlb
ediləcək. Onu da bildirək ki, gələcəkdə dəmiryolçuların
maarifləndirilməsi və peşəkarlıq imkanlarının inkişafı üçün yeni
yaradılmış “Maarifləndirmə və İnkişaf Mərkəzi” bu məqsədlə ayrılmış
başqa coğrafi məkana köçəcək. Bu məqsədlə “ Azərbaycan Dəmir
Yolları” QSC-yə məxsus köhnə müəssisələrdən biri seçilib və təmir-
tikinti üzrə layihələndirmə işlərinə start verilib. Adı çəkilən Mərkəzdə
texniki laboratoriyaların, tədris avadanlıqlarının, simulyator otaqlarının,
bir sözlə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün vacib olan bütün
vasitələrin quraşdırılması nəzərdə tutulur.