“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
ADY-dən AZƏRTAC-a bildirilib ki, sərnişindaşıma xidmətinin təhlükəsiz, rahat və vaxtında təmin edilməsi istiqamətində əlavə tədbirlər planı həyata keçiriləcək.
Belə ki, Novruz bayramında artan sərnişin tələbatı nəzərə alınaraq, 20, 22, 24 mart tarixlərində Bakı-Qəbələ, 21, 23, 25 mart tarixlərində isə Qəbələ-Bakı istiqamətində reyslərin sayı artırılıb.
Bakı-Qəbələ marşrutu üzrə qatar Bakıdan saat 08.00-da yola düşərək mənzil başına saat 11:20-də çatacaq. Qəbələdən Bakıya saat 19:00-da yola düşən qatar isə saat 22:20-də Bakı Dəmiryol Vağzalına çatacaq.
ADY, həmçinin ölkə daxili sərnişin daşıma xidmətləri çərçivəsində Bakı-Ağstafa marşrutu üzrə martın 18-nə əlavə 2 reys, 19 və 20 mart tarixlərinə isə əlavə 1 reys təyin edib.
Qeyd edək ki, martın 18-də sərnişin qatarı saat 08:25, 08:45 və 17.00-da Bakıdan Ağstafaya yola düşəcək. Qatarın yolda olma müddəti 4 saat 55 dəqiqədir.
Martın 19-20-də isə sərnişin qatarı hər gün saat 08:25 və 08:45-də Bakıdan Ağstafaya yola düşəcək.
Bayram günlərində Abşeron Dairəvi Dəmiryolu xətti üzrə həyata keçirilən sərnişin daşımalara gəlincə isə qatarlar istirahət günlərindəki ənənəvi qrafikə uyğun hərəkətdə olacaqlar.