“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə,Qala Dəmir Yolu stansiyasında yol-nəqliyyat hadisəsi baş verib.
Bu gün saat 03:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin Qala
stansiyasında yol-nəqliyyat hadisəsi baş verib. Mais Mustafa oğlu Kərimovun idarə
etdiyi 90-JB-417 dövlət nömrə nişanlı təcili tibbi yardım maşını stansiyanın
yaxınlığındakı qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib. Bu zaman
nəqliyat vasitəsi yolla hərəkət edən lokomotivlə toqquşub. Hadisə nəticəsində təcili
tibbi yardım maşınının sürücüsü Mais Kərimov, həkim Zərifə Məmməd qızı
Süleymanova, feldşer Bayram Kamal oğlu Nəsibov müxtəlif dərəcəli bədən
xəsarətləri alıblar. Təcili tibbi yardım maşınına da ziyan dəyib. Yaralılar xəstəxanaya
çatdırılıb. Qəzanın nəticələri saat 06:45-də aradan qaldırılıb və qatarların hərəkəti
bərpa olunub. İlkin araşdırma nəticəsində məlum olub ki, təcili yardım maşınının
sürücüsü “Yol hərəkəti haqqında Qanun”un 44-cü maddəsinin tələblərini pozub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.