“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə,QSC-də 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Cəmiyyətin sədri Cavid Qurbanov il ərzində dəmir yolu sahəsində görülən
işlər haqqında geniş məlumat verərək, dəmir yolu nəqliyyatının iqtisadiyyatın
vacib sahələrindən biri olduğunu vurğulayıb.
Qeyd olunub ki, ötən il ərzində “Azərbaycan Dəmir Yolları" QSC dövlət başçısı İlham Əliyevin
iştirakı ilə 4 mühüm layihənin təqdimatını keçirib. Prezident İlham Əliyevin
aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin
qatarı ilə tanış olması, mayın 21-də Sabunçu dəmir yolu vağzalı kompleksi,
noyabrın 19-da Abşeron dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin,
dekabrın 29-da isə paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində inşa
edilən avtomobil tunelinin açılışında iştirak etməsi bu diqqətin göstəricisidir.
Ötən il dövlət başçısı Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi, Ləki
Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında sərəncamlar imzalayıb. Cavid Qurbanov Prezident İlham Əliyevin
2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə müvafiq dövlət strukturları
və qurumların qarşısında mühüm öhdəliklər qoyduğunu vurğulayıb. Dövlət
başçısı keçən ilin sonunda Rusiya-Azərbaycan sərhədində açılmış yeni
körpünün Şimal-Cənub nəqliyyat dəhlizinin bir parçası olduğunu, Astara-Rəşt
dəmir yolunun tikintisi ilə əlaqədar müvafiq sənədlərin imzalandığını qeyd
edərək, həmin istiqamətdə fəaliyyətin bu il təsirli olacağına əminliyini bildirib.
Cəmiyyətin sədri ötən il ərzində əldə olunan nailiyyətlərdən danışıb. Bildirib
ki, ümumilikdə yükdaşıma sahəsində 2018 – ci il ilə müqayisədə 9,1 % artım
qeydə alınıb, bu da məhz qeyri-neft məhsullarının daşınması hesabına əldə
olunub. Belə ki, hesabat ili ərzində qeyri-neft yüklərin tranzit daşımalarında
ötən il ilə müqayisədə 39,2 % artım müşahidə olunmuşdur. Tranzit rejimdə
daşınmış yüklərin ümumi artım faizi isə 24,7% olmuşdur. Ölkəmizin
beynəlxalq nəqliyyat layihələrində iştirakından danışan Cavid Qurbanov Bakı-
Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, bu
istiqamətdə yük daşımalarında artım 42%-ə çatıb. Ölkəmizin tranzit nəqliyyat
qovşağına çevrilməsində mühüm rol oynayan layihələrdən biri olan Şimal-
Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara terminalı vasitəsilə
daşınan yükün həcmi ötən dövrlə müqayisədə 38 % artmışdır.
Sərnişindaşıma sahəsində əldə edilən uğurlara toxunan sədr 2018-ci ildə ölkə
daxilində və beynəlxalq istiqamətlərdə 2 mln 833 min nəfərin dəmir yolundan istifadə etdiyini diqqətə
çatdırıb. Ötən il isə bu rəqəm 3 mln 849 min nəfər olmuşdur, bu isə 35,8%
artım deməkdir. Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində gün ərzində orta
hesabla 15 min sərnişinin daşındığını qeyd edən Cavid Qurbanov Abşeron
dairəvi dəmir yolunda aparılan yenidənqurma işlərinin gedişatı barədə də
məlumat verib. Bildirib ki, bu marşrut üzrə 17 stansiya və dayanacaqdan 15-i
tam hazırdır. Digərlərində isə tamamlama işləri gedir. Dəmir yolunun
avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin təhlükəsizliyinin
təmin edilməsi üçün 15 avtomobil tuneli layihələndirilib. Onlardan 8-i
tamamlanaraq istismara verilib, 7 tuneldə isə tikinti-quraşdırma işləri davam
etdirilir. “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov dəmir
yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiqi, enerji
təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və
rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol
təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi
və digər sahələrdə görülən işlər haqqında ətraflı danışıb. Bildirib ki, Dünya
İqtisadi Forumunun 2019-cu il üçün tərtib etdiyi "Qlobal Rəqabətlilik
Hesabatı"nda Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə
MDB ölkələri arasında 1-ci, indeksin əhatə etdiyi 141 ölkə arasında isə 11-ci
olması aparılan islahatların beynəlxalq miqyasda təsdiqini tapması deməkdir.
Qarşıda duran perspektiv işlərdən danışan sədr bu il Qəbələ və Şahdağ
layihələrinin prioritet olduğunu vurğulayıb.
Cəmiyyətin kadr potensialından danışan Cavid Qurbanov qeyd edib ki,
hazırda dəmir yolunda 18 min 170 nəfər çalışır. Ötən il 1046 nəfər işə qəbul
olunub. İşə qəbul prosesi tam elektronlaşdırılıb. Mobil elektron test sistemi və
elektron test mərkəzi istifadəyə verilib, başqa işə keçirilmə əməliyyatları
mərkəzləşdirilib. Müxtəlif ali təhsil müəssisələrindən olan 1365 nəfər dəmir
yollarında istehsalat təcrübəsi keçib. 5341 əməkdaş müxtəlif təlimlərə cəlb
olunub. Ötən il 51 əməkdaş “Fəxri dəmiryolçu” döş nişanı və pul mükafatı ilə
təltif olunub. 49 nəfər isə “Əmək veteranı” adı verilib.
2015-ci illə müqayisədə əmək haqqı 103 % artırılaraq, 270 manatdan 549
manata qaldırılıb.
Sonra qurumun ayrı-ayrı struktur və idarə rəhbərləri görülən işlər barədə
məlumat veriblər və müəyyən məsələlərlə bağlı təkliflərini səsləndiriblər.
Kollegiya iclasında cari məsələlər müzakirə edilib, qurumun struktur
bölmələrinə tapşırıqlar verilib.