“Azərbaycan Dəmir Yolları” QSC-də İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə ikitərəfli görüş keçirilib.
Türk.az ady.az-a istinadən xəbər verir ki, Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın tranzit potensialı, nəqliyyat-logistika imkanları, əlverişli coğrafi mövqeyi, beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətlərinin genişləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verib.
Görüşdə Azərbaycan və İtaliya Dəmir Yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Tərəflər Azərbaycanda dəmir yollarının və hərəkət heyətinin yenilənməsi sayəsində yaradılan yeni imkanlar, Avropa-Asiya marşrutu ilə yüklərin nəqli sahəsində görülən işlər, dəmir yollarının üstünlükləri və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari Azərbaycanın nəqliyyat sektorunda, o cümlədən dəmir yolunda həyata keçirilən genişmiqyaslı islahatların aparıldığını, eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüşdə ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.