“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Türk.az-a verdiyi məlumata görə,“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə dəstələrinin idarə edilməsinin təşkili” mövzusunda növbəti obyekt mülki müdafiə məşqi keçirilib.
7 noyabr 2018-ci il tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin Təsərrüfat İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə dəstələrinin idarə edilməsinin təşkili” mövzusunda növbəti obyekt mülki müdafiə məşqi keçirilib.
Məşqə “Azərbaycan Dəmir Yolları” QSC-nin Fövqəladə Hallar Komissiyasının üzvləri, inzibati binada yerləşən bütün departament, xidmət və şöbələrin işçiləri, mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb olunub.
Əsas məqsəd fövqəladə hallar zamanı mülki müdafiə planının reallığını əks etdirməklə, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsini, hadisə yerinə göndərilməsini, yaranmış vəziyyətin qiymətləndirilməsini, hadisə yerindən məlumatların toplanmasını, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsini rəhbər işçilərə, mülki müdafiə qüvvələrinə öyrətməkdir. İşçilərə, həmçinin, fövqəladə hallar zamanı (təxliyyə, ilkin tibbi yardım, ilkin yanğınsöndürmə vasitələrdən istifadə) davranış qaydaları izah olunub.
Keçirilən obyekt mülki müdafiə məşqi həyəcan siqnalının verilməsi ilə başlayıb. Rəhbər işçilər mülki müdafiə rəhbərinin yanında toplanıblar. Mülki müdafiə qərərgah rəisi zəlzələ nəticəsində inzibati binada yanğın baş verməsi, dağıntının olması, zərər çəkənlər və xəsarət alanlar barəsində məlumat verib.
Məşq rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinə müvafiq göstərişlər verib. Növbəti yarana biləcək vəziyyətdə məşq iştirakçılarının vəzifələri dəqiqləşdirilib. “Yanğın həyəcanı” siqnalı verildikdən sonra işçilər inzibati binadan dərhal təxliyyə edilib, kəşfiyyat manqaları müxtəlif istiqamətlərdən əraziyə daxil olaraq hadisənin nəticələri barədə mülki müdafiə rəhbərinə məruzə ediblər. Yanğından mühafizə və xilasetmə manqaları əraziyə daxil olub, mövcud vasitələrlə yanğın ocaqları söndürülüb. Yaralılara ilkin tibbi yardım göstərilib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən obyekt mülki müdafiə məşqi qüvvələrin qəza ocaqlarına göndərilməsi, ardıcıllığın müəyyən edilməsi, qəza xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi yollarının öyrədilməsi istiqamətində keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavinləri Zaman Novruzovun və Hicran Valehovun rəhbərliyi ilə keçirilən obyekt mülki müdafiə məşqindən sonra müşavirədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr yanında hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyinin əməkdaşı İsa Xudiyev çıxış edərək yol verilmiş nöqsanlar rəhbər və komandir-rəis heyətinin diqqətinə çatdırılıb və fövqəladə hallar zamanı təxirəsalınmaz tədbirlərin ardıcıllığı barədə məsləhətlər verib
Qeyd edək ki, məşq “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanununun müvafiq bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları”na əsasən və “Azərbaycan Dəmir Yolları” QSC-nin 2018-ci il üçün mülki müdafiə tədbirlər planına uyğun təşkil olunub.