Prezident İlham Əliyevin imzaladığı “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı” əlavə protokola Azərbaycanın qoşulması ilə bağlı qanun daşıyıcıların Avropa İttifaqı bazarında rəqabət qabiliyyətinin artmasına şərat yaradacaq.
“Report”un Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən verdiyi xəbərə görə, Azərbaycanın bu əlavə protokola qoşulması yerli daşıyıcılara elektron beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsindən (CMR) istifadə üçün şərait yaradacaq.
“Azərbaycan sözügedən Konvensiyaya 2000-ci il 11 fevral tarixində qoşulub. Bu Konvensiyanın əsas mahiyyəti avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları müqavilələrinə, xüsusən də belə daşımalar üçün tələb olunan sənədlərə dair vahid qaydalar tətbiq etməkdən ibarətdir.
Hazırda Konvensiyanın tələblərinə uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı CMR tətbiq olunur və bu məsələ Azərbaycanın qanunvericiliyində də öz əksini tapıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyət istiqamətləri üzrə göstərilən dövlət xidmətlərinin elektronlaşdırılması, eləcə də rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində istifadəyə veriləcək e-CMR bir sıra üstünlüklərə malikdir. Belə ki, elektron əmtəə-nəqliyyat qaiməsi tranzit daşımalarının artırılması və potensialının genişləndirilməsinə, idxal-ixrac əməliyyatlarının asanlaşdırılmasına xidmət edir”, – məlumatda deyilir.
Agentlikdən bildirilib ki, e-CMR, həmçinin beynəlxalq bazarda daşıyıcı və ixracatçıların payının artırılması, gömrük əməliyyatlarının sürətləndirilməsi, nəzarət və hesabatlılığın dəqiq və şəffaf aparılmasını təşviq edir.
“Avtomobil nəqliyyatı ilə yüklərin beynəlxalq daşınması müqaviləsi haqqında” Konvensiyaya elektron qaimə ilə bağlı Əlavə Protokol” 2011-ci ilin iyun ayında qüvvəyə minib. Əlavə Protokolun əsas mahiyyəti beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin elektron qaydada tərtib edilməsi üçün imkan yaratmaqdan ibarətdir. Elektron əmtəə-nəqliyyat qaiməsi kağız üzərində tərtib edilən CMR-ın alternativ formasıdır və kağız üzərində tərtib edilən CMR-ın ləğvini nəzərdə tutmur.
E-CMR-ın tətbiqinin tərəflər arasında real vaxt rejimində məlumat mübadiləsinin həyata keçirilməsi, resurslara qənaət edilməsi, sənəd dövriyyəsinin asanlaşdırılması və daxil edilmiş məlumatlarda dəqiqliyin təmin olunması kimi üstünlükləri vardır”, – açıqlamada deyilir.
Qeyd edək ki, 2011-ci ildə qüvvəyə minməsinə baxmayaraq e-CMR-dan istifadə etməklə avtomobil nəqliyyatı ilə ilk beynəlxalq yük daşınması 2017-ci ilin yanvar ayında İspaniya və Fransa arasında həyata keçirilib. Hazırda sözügedən əlavə protokola 27 ölkə qoşulub.