Azərbaycan Dillər Universitetində Çinin Dunçji bayramı qeyd olunub

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çinin ənənəvi Dunçji (Qışın zirvəsi) bayramına həsr olunmuş tədbir keçirilib.

ADU-dan Trend-ə verilən məlumata görə, Tədbirdə çinşünaslıq ixtisasının IV kurs tələbəsi “Bir gün üçün Xəlif” layihəsinin iştirakçısı Aişə Kərimova Çin mədəniyyətində mühüm yer tutan Dunçji bayramının yaranma tarixi və fəlsəfəsi haqqında məlumat verib. O, bayram mərasimlərindən bəhs edərək, Dunçjinin rəmzi olan Meixua gavalı çiçəklərinin uzunömürlülüyü, qışı və gözəlliyi təcəssüm etdirdiyini bildirib. A.Kərimova həmçinin düyüdən top şəklində hazırlanmış şirin şorbanın – tanyuanın (Xan sülaləsi dövründə hazırlanan və ailə birliyinin rəmzi sayılan təam) hazırlanmasından danışıb.

 

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi, ADU-nun Konfutsi İnstitutu Azərbaycanda Çin mədəniyyətinin ölkəmizdə təbliği sahəsində əlindən gələni əsirgəmir. Azərbaycanın mədəniyyət və incəsənət universitetləri ilə birgə bədii və ədəbi gecələr təşkil olunur, ölkəmizdə Çinin mədəni irsinin qorunduğu müəssisələrlə əməkdaşlıq çərçivəsində Çinin ənənəvi bayramları qeyd edilir.

 

ƏvvəlkiAnqolada məhkəmə eks-prezidentin qızının 1 milyard dollarlıq aktivlərinə həbs qoyub
NövbətiBraziliyalı üçqat dünya çempionu Pele vəfat edib