Sentyabrın 27-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, yəhudi dini konfessiyalarının rəhbərləri Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar Zəfər Parkında olub, İkinci Şəhidlər xiyabanı ziyarət ediblər.
“Report” xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində həlak olmuş Silahlı Qüvvələrimizin şəhid zabit və əsgərlərinin xatirəsi dini konfessiya rəhbərləri tərəfindən ehtiramla yad edilib. Onların şərəfinə “Qurani-Kərim” tilavət edilib, ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.
Anım tədbirində çıxış edən Şeyxülislam Allahşükür Paşazadə, Dağ yəhudiləri dini icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının Mətbuat Katibi Tural Ağayev, Bakı və Azərbaycan Yeparxiyasının katibi Aleksiy Nikonorov və Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski şəhidlərimizin qəhrəmanlıqları, Zəfərimiz uğrunda şücaətləri və Vətənə məhəbbət örnəyindən danışıb, xatirələrini ehtiramla yad edib, ruhları üçün dualar oxuyublar.
Sentyabrın 27-də Anım günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin tapşırığına əsasən, ölkə ərazisində fəaliyyət göstərən bütün məscidlərdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinin bərpası yolunda misilsiz qəhrəmanlıq nümayiş etdirən şəhidlər anılıb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, namazlar qılınıb, ruhlarına Qurani-Kərimdən ayələr tilavət edilib, dualar oxunub. Dindarlar həmin hadisələrdə yaralanan əsgər və zabitlərimizin tezliklə şəfa tapmaları üçün dualar ediblər. Moizələrdə Vətən sevgisi, şəhidlik və onun məqamı barədə geniş məlumat verilib. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyi qeyd edilib.
Vətən şəhidləri Azərbaycanın paytaxtında və bölgələrdəki məscidlərdə, həmçinin, kilsə və sinaqoqlarda ehtiramla anılırlar.Allah şəhidlərimizə rəhmət eləsin!