Azərbaycan paytaxtında keçirilən VII Qlobal Bakı Forumu çərçivəsində aparılan müzakirələr, səslənən dəyərli fikir və təkliflər ölkə ictimaiyyətində dərin razılıq hissi ilə qarşılanır. Bu barədə Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev dedi:
– Mən forumun gedişatını televiziya və qəzetlərdən diqqətlə izləyirəm. Hesab edirəm ki, bu mühüm tədbir bir daha Bakını dünya siyasətinin diqqət mərkəzinə çevirdi.
Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin tədbirin açılış mərasimindəki parlaq, dərin məzmunlu nitqi forumda hərtərəfli ciddi müzakirələrin başlamasına bir impuls verdi. Yeri gəlmişkən, bu fikri forum iştirakçılarının özləri də təsdiq edirlər. Onların, demək olar ki, hamısı fəxrlə vurğulayır ki, müstəqil Azərbaycanın lideri cənab İlham Əliyev bu gün dünya siyasətində xüsusi yeri, hörməti olan bir dövlət xadimidir.
Məhz möhtərəm Prezidentimizin xalqımızın milli maraqlarına xidmət edən dərin, düşünülmüş daxili və xarici siyəsəti, düzgün idarəçilik bacarığı sayəsində Azərbaycan hazırda dünya siyasətinin fəal aktorlarından birinə çevrilib. Bu, böyük uğurdur. Yaxın gələcəkdə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da yüksələcəyinə əminəm.
Bir məqamı da vurğulamaq istəyirəm. Cənab Prezident hər dəfə olduğu kimi, bu dəfə də forumdakı nitqində dönə-dönə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin regionda və bütün dünyada sülh və təhlükəsizliyin qorunması üçün vacib olduğunu vurğuladı. Forum iştirakçıları Bakıda Azərbaycanın haqlı mövqeyi ilə bir daha yaxından tanış oldular. İnanıram ki, onların hər biri Azərbaycan həqiqətlərinin carçısına çevriləcək.
Bəli, indi dünyada dostlarımızın sayı günbəgün artır. Buna bir gənc, vətənpərvər ziyalı olaraq, əlbəttə, çox sevinirəm. Düşünürəm ki, bu gün hər birimiz Azərbaycan həqiqətlərinin olduğu kimi bütün dünyaya çatdırılması üçün əlimizdən gələni etməyə borcluyuq. Rəhbərlik etdiyim Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin fəalları bu istiqamətdə səylərini daha da artırmaq əzmindədirlər. Bu, hər birimizin vətəndaşlıq borcudur.
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”