Cəmiyyətin inkişafı, dövlətin milli təhlükəsizliyi, xalqın mədəni-mənəvi tərəqqisi və rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir. Azərbaycanda müvafiq sahənin inkişafına hər zaman xüsusi önəm verilib, cəmiyyətdə elm adamlarının, ziyalıların, alimlərin nüfuzunun artırılması diqqət mərkəzində saxlanılıb. Əsrlərboyu Azərbaycan alimləri elmin müxtəlif sferalarında əldə etdikləri mühüm nəticələrlə həm ölkənin, həm də bəşəriyyətin elmi-mədəni yüksəlişinə töhfələr verib, varislik əlaqələrini inkişaf etdiriblər. XX əsrin birinci yarısında Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra ölkədə elmin strukturlaşdırılması işinə başlanılıb, elmi araşdırmalar sistemli xarakter alıb, əsas strateji istiqamətlər müəyyənləşdirilib. Akademiya qədim və zəngin elmi ənənələri olan Azərbaycan xalqının intellektual potensialının artırılmasına, humanitar elmlərlə yanaşı, fundamental və tətbiqi elm sahələrinin inkişafına xüsusi yer ayırıb.
Bunu AZƏRTAC-a müsahibəsində AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova söyləyib. O bildirib ki, AMEA alimləri sovet dövründə Azərbaycan elminin təbliği və əldə olunan nailiyyətlərin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz xidmətlər göstəriblər. Həmin illərdə xalqımızın ictimai-siyasi fikir tarixi araşdırılıb, neft və qaz yataqlarının kəşfi, işlənilməsi sahəsində uğurlar əldə edilib, mexanika, riyaziyyat, informatika sahələrində əhəmiyyətli tədqiqatlar aparılıb, nüfuzlu elmi məktəblər yaradılıb, Azərbaycan dili və ədəbi dil tarixi öyrənilib. Müstəqillik illərində də AMEA-da elmin inkişafı istiqamətində ardıcıl islahatlar həyata keçirilib. Akademiyanın strukturu əsaslı olaraq təkmilləşdirilib, fəaliyyəti müasir dövrün tələblərinə uyğunlaşdırılıb, ölkəmizin beynəlxalq əlaqələrinin inkişafı, Azərbaycan elminin dünya elminə inteqrasiyası sahəsində konkret addımlar atılıb.
“Bu gün əminliklə demək olar ki, AMEA öz inkişafının yeni mərhələsini yaşayır. Akademiyada aparılan məqsədyönlü islahatlar bu elm ocağının yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirir. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın idarəetmə sisteminin modernləşdirilməsi, burada aparılan tədqiqatların dünya elminin tələblərinə cavab verməsi, eləcə də ölkənin sosial-iqtisadi inkişaf istiqamətlərini əsas götürərək, elmi-innovativ fəaliyyətin gücləndirilməsini AMEA alimləri qarşısında vəzifə kimi qoyub. Ölkədə son zamanlar elmin təbliği və alimlərimizin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək məqsədilə görülən işlər, müvafiq fərman və sərəncamlar Azərbaycan Respublikasında elmin inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu bir daha sübut edir. Xatırladaq ki, dövlətimizin başçısının müvafiq Fərmanına əsasən Azərbaycanda ilk dəfə olaraq “Elm haqqında” Qanun qüvvəyə minib. Bu sənəddə hər bir Azərbaycan vətəndaşının yeni biliklərə yiyələnməsində elmin aparıcı rolu və vəzifələri müəyyənləşdirilib.
2018-ci il aprelin 9-da isə Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikasında Elm Günü təsis edilib. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Elm Günündə bütün ölkə ictimaiyyətinin diqqətinin müvafiq sahəyə yönəldilməsi elmin problem və vəzifələrinə yenidən baxılmasına, səmərəli əməkdaşlıq əlaqələrinin təşkilinə, eləcə də alimlərimizin ölkənin gələcək inkişafında rolunun artırılmasına imkan verir”,- deyə N.Qəhrəmanova bildirib.
O diqqətə çatdırıb ki, bu il AMEA-nın yaradılmasının 75 ili tamam olur. Yetmiş beş il bir elm ocağı üçün o qədər böyük müddət olmasa da, bu illər ərzində görülən işləri, Azərbaycan alimlərinin dünya elminə verdiyi töhfələri, yaradılan elmi məktəbləri nəzərə alsaq, bu günün necə qürurverici olduğunu anlayarıq.
Elm Günün mübarək, doğma Azərbaycan!