Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə fərdi dünya kuboku yarışları sona yaxınlaşır.
AZƏRTAC xəbər verir ki, altıncı yarış günündə – dekabrın 17-də 61, 65, 79, 86 və 97 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.
Güləşçimiz Əhmədnəbi Qvarzatilov (61 kq) startda Fransanı təmsil edən erməni güləşçi üzərində inamlı qələbə qazanıb. Bolqarıstan və Tacikistan güləşçilərindən də güclü olan Ə.Qvarzatilov finala yüksəlib.
Üçqat Avropa və dünya çempionu Hacı Əliyev debütdə prinsipial rəqiblə qarşılaşıb. 65 kiloqram çəki dərəcəsində dünya çempionu Hacımurad Rəşidovla görüşə əla start verən H.Əliyev 4 xal qazandıqdan sonra görüş yarımçıq saxlanılıb. Buna səbəb rəqibin zədələnməsi olub. Güləşçimiz dörddəbir finalda qırğız güləşçi ilə gərgin keçən görüşdən də qalib ayrılaraq adını yarımfinala yazdırıb. Macarıstan təmsilçisi ilə görüş gərgin idman mübarizəsi şəraitində keçib. H.Əliyev əzmkarlıq nümayiş etdirsə də, onu qələbədən 1 xal ayırıb. Güləşçimiz bürünc medal üçün xalça üzərinə çıxacaq.
Rəşad Yusifli (79 kq) ilk görüşdə türk həmkarına məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşə çıxacaq.
Abubakr Abakarov (86 kq) startda Bolqarıstan təmsilçisinə “tuşe” ilə qalib gəlib. Ancaq dörddəbir finalda İspaniya idmançısına uduzub.
Mübarizəyə dörddəbir finaldan qoşulan Şamil Zubairov (97 kq) Moldova təmsilçisini çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Belarus təmsilçisinə yenilib və ümidini bürünc medala bağlayıb.
Bu çəki dərəcələri üzrə təsəlliverici görüşlər və medal qarşılaşmaları dekabrın 18-də keçiriləcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə ediblər. Qadınlardan isə Elis Manolova (65 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.