Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasında bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız bürünc medal uğrunda qarşılaşmada Ermənistan idmançısı Karapet Çalyanı 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Bununla da Rafiq Hüseynov Olimpiadada ölkəmizin aktivinə üçüncü bürünc medalı yazdırıb.
Xatırladaq ki, ilk görüşündə dünya çempionatının gümüş və Avropa birinciliyinin bürünc mükafatçısı isveçli Aleks Kessidisə qalib gələn R.Hüseynov dörddəbir finalda Akjol Mahmudova (Qırğızıstan) uduzub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Güləşçimiz təsəlliverici görüşdə Tunis idmançısı Lamjed Maafini məğlub edib.
İkiqat Avropa çempionu olan R.Hüseynov 2011-ci ildə Almaniyada, 2020-ci ildə İtaliyada təşkil olunan qitə birinciliklərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Güləşçimiz 2019-cu ildə Qazaxıstanda keçirilən dünya çempionatını ikinci pillədə başa vurub. R.Hüseynov Bakının ev sahibliyi etdiyi I Avropa və IV İslam Həmrəyliyi oyunlarında gümüş medala sahib olub.
Xatırladaq ki, ölkəmizin aktivinə digər iki bürünc medalı qadın cüdoçu İrina Kindzerska və boksçu Alfonso Dominges yazdırıblar.