Noyabrın 18-də Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümüdür. İki ölkə arasındakı münasibətlər daha da möhkəmlənib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmi “Facebook” səhifəsində iki ölkə arasında diplomatik əlaqələrin 28-ci ildönümünə həsr olunan paylaşım edilib.
Paylaşımda dostluq və mehriban qonşuluq münasibətlərinin hər iki xalqın rifahına, Cənubi Qafqaz bölgəsində sülhün və inkişafın təmin olunmasına mühüm töhfələr verdiyi qeyd edilib. Bildirilib ki, bu münasibətlər Azərbaycan və Gürcüstanın strateji mənafeləri naminə daha da inkişaf edəcək.
Qeyd edək ki, bu gün Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Bu gün ölkələrimizi iqtisadi müstəvidə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRACECA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT, Baltik Ölkələri Assambleyası, Avropa Şurası, Avropa İttifaqı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.
Azərbaycanın və Gürcüstanın bir sıra şəhərləri arasında qardaşlaşma haqqında memorandumlar imzalanıb.
Xatırladaq ki, 1995-ci ildə Bakıda Gürcüstanın, 1996-cı ildə isə Tbilisidə Azərbaycanın səfirlikləri açılıb. 2010-cu ildə Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Gəncə şəhərində Gürcüstanın baş konsulluqları fəaliyyətə başlayıb. Son 28 ildə iki ölkə arasında 100-dən çox sənəd imzalanıb.