Azərbaycan ilə Rusiya arasında fövqəladə hallar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Fevralın 4-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nazir K.Heydərov Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Yevgeniy Ziniçevlə görüşüb.

Görüşdə iki nazirlik arasında əməkdaşlığın vəziyyəti və perspektivləri geniş müzakirə olunub. Vurğulanıb ki, qurumlar arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində həyata keçirilən tədbirlər, səfər və görüşlər əlaqələrin qarşılıqlı faydalı olmaqla daha da genişləndirilməsinə imkan yaradır.

Söhbət zamanı Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında həyata keçirilən aidiyyəti humanitar tədbirlər ətrafında da fikir mübadiləsi aparılıb. Hər iki nazirliyin müvafiq xilasetmə qruplarının nümayəndələri videokonfrans vasitəsilə görüşdə iştirak ediblər. Ərazilərin minalardan təmizlənməsi, habelə azərbaycanlı pirotexnik-mütəxəssislərin hazırlığı məsələləri də müzakirə olunub.

Səfər zamanı Azərbaycan FHN-in nümayəndə heyəti Rusiya FHN-in Böhran Vəziyyətlərində Milli İdarəetmə Mərkəzinin fəaliyyəti ilə də tanış olub.

ƏvvəlkiAzərbaycanda koronavirusdan 263 nəfər sağalıb, 152 yeni yoluxma faktı qeydə alınıb
NövbətiBakıda betonqarışdıran maşınla işləyən fəhlə faciəvi şəkildə öldü