Azərbaycan klubları EHF kubokunda iştirak edəcəklər

Azərbaycanın kişi və qadınlardan ibarət komandaları Avropa Həndbol Federasiyası (EHF) kubokunda iştirak edəcəklər.

“Report” xəbər verir ki, təmsilçilərimiz avqustun 15-dən bu turnirin hazırlıqlarına başlayıblar.

Artıq qadınlardan ibarət komandaların oyunlarının vaxtı və məkanı müəyyənləşib.

Yarışa 1/32 finaldan qatılacaq “Azəryol” Bosniya və Herseqovinanın “ZRK Krivaja” komandası ilə 30 sentyabr – 1 oktyabr tarixlərində rəqib meydanında qarşılaşacaq.

“Qarabağ” da İspaniyanın “KH-7 BM Granollers” kollektivi ilə eyni tarixlərdə səfərdə oynayacaq. “Kür” isə İtaliyanın “Jomi Salerno” komandası ilə 23-24 sentyabrda Mingəçevirdəki “Kür” Olimpiya İdman Mərkəzində üz-üzə gələcək.

İki oyunun nəticəsinə görə üstünlük qazanan komanda növbəti mərhələyə adlayacaq.

Qeyd edək ki, kişilərdən ibarət “Azəryol” I mərhələnin “Amber” (Litva) – “Brixen” (İtaliya) cütünün qalibinə rəqib olacaq. “Kür” isə Xorvatiyanın “MRK Sesvete” kollektivi ilə mübarizə aparacaq. İlk oyunlar oktyabrın 14-15-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək.

ƏvvəlkiFərid Qayıbov “Heydər Əliyev zirvəsi”nə qalxıb
NövbətiQırğızıstan tarixdə ilk dəfə olaraq milli pasportlarını özü çap etməyə başlayıb