Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və şəxsi “Kəlağayı Ev Muzeyi” yarandığı gündən Respublikamızın müxtəlif bölgələrində eləcə də ali və orta ixtisas məktəblərində ədəbi-bədii gecələr keçirir. 2023-cü ildə İctimai Birliyin təşkilatçılığı ilə Azərbaycanın müxtəlif ərazilərində keçirilən “Sazlı Sözlü Kəlağayı Günləri” uğurla həyata keçirildi.
2024 cü – ildə ilin başlanğıcından Elm və Təhsil Nazirliyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə ”Sazlı Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində belə tədbirlər davam etməkdədir.
Yanvarın 29-da, Kəlağayı Muzeyində, fevralın 22-də Bakı Dövlət Universitetində (BDU), davamı isə 28 fevralda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, Kəlağayı Muzeyi, Universitetin birgə təşkilatçılığı ilə keçirildi. ”Sazlı Sözlü Kəlağayı Günləri” adlı ədəbi-bədii tədbir tələbə və müəllim heyətinin böyük marağına səbəb oldu.Tələbə gənclərin qədim və heç vaxt dəbdən düşməyən milli baş örpəyimiz kəlağayıya diqqəti və ehtiramı bunu deməyə əsas verir.
Tədbiri giriş sözü ilə ADMİU – nin kafedra müdiri, dosent, Əməkdar Mədəniyyət işçisi Sədaqət Əliyeva açaraq, qonaqları salamladı, belə tədbirlırin vacibliyini vurğuladı, kəlağayı haqqında geniş məlumat verdi. Sonra sözü Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, “Kəlağayı Muzeyi”nin direktoru, və “Sazlı Sözlü Kəlağayı Günləri” layihəsinin rəhbəri şair, publisist Güllü Eldar Tomarlıya verdi. Birliyin sədri tədbirin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirildiyini qeyd etdi və bu gərəkli işə dəstək olanlar təşkilat və məsul şəxslərə təşəkkür etdi. Onun sözlərinə görə, silsilə tədbirlər digər təhsil ocaqlarında da davam edəcək. Tədbirin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərin gənc nəsil arasında təbliği, adət-ənənələrin yaşadılması, kəlağayımızın əzəlki şan -şöhrətini özünə qaytarmaqdır. Güllü Eldar Tomarlı tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, 2024- cü il Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin on illiyidir. Bu münasibətlə “Anam – kəlağaydı, kəlağay – anam” kitabı nəşr edilib.
Güllü Eldar Tomarlı Azərbaycan kəlağayısının tarixi, formaları, naxışları, bəzəkləri barədə geniş məlumat verib. Diqqətə çatdırıb ki, onun təşəbbüsü və rəhbərliyi ilə 2022-ci ildə ölkəmizdə ”Kəlağayı Muzeyi’ yaradılıb: “Muzeydə müxtəlif dövrlərə aid kəlağayılar toplanıb. Eyni zamanda, muzeyin təşkilatçılığı ilə bölgələrdə ədəbi-bədii gecələr, konsert proqramları və maarifləndirici tədbirlər keçirilir, kitablar nəşr olunur”.
“Sazlı Sözlü Kəlağayı Günləri” çərçivəsində keçirilən tədbirdə Sazın Sözün Butası təşkilatının sədri, şair Səadət Buta, şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu, Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayeva və başqaları kəlağayı haqqında maraqlı çıxışlar ediblər. Çıxışlarda gənc qızlarımızı kəlağayıdan istifadə etməyi, kəlağayı haqqında mariflənməyə çağırış ediblər. Çünki, kəlağayı təkcə baş örtüyü deyil, həm tariximiz, həm mədəniyyətimiz, həm də qız-gəlinlərimizin yaraşığıdır.
Tədbir ədəbi-bədii hissə ilə davam edib, mövzuya uyğun musiqi nömrələri və şeirlər səsləndirilib. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin idarə heyətinin üzvü Ramin Qarayev, aşıq Nemət Qasımlı, aşıq Ləman Mübarizqızının, Rəhimə Quliyevanın (kamança) və başqalarının ifaları məclisə xoş ovqat bəxş elədi.
Sonda layihə rəhbəri Güllü Eldar Tomarlı Elm və Təhsil Nazirliyinə, AMİU rektoru Ceyran xanım Mahmudovaya, aşıq sənəti kafedrasının rəhbəri Samirə xanım Əliyevaya və zəhmət i keçən hər kəsə təşəkkür edib.
”Sazlı Sözlü Kəlağayı Günləri’ layihəsi çərçifəsində ilboyu tədbirlər keçiriləcək. Layihəmizin icrasının davamı 7 mart , 2024-cü ildə Mingəçevir Dövlət Universitetində olacaq. Çətin, şərəfli və məsuliyyətli yolda təşkilatımıza və layihəmizə uğurlar.
Mirvarid Dilbazi Poeziya Məclisinin mətbuat xidməti