Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Xalq rəssamı, Əməkdar heykəltəraş Ömər Eldarovla görüş keçirilib.
“İrəli” İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçirilən tədbir Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş nitqi ilə açan “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı “Heydər Əliyev İli”nə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi haqqında məlumat verib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev öz fəaliyyəti dövründə daim Azərbaycanın əbədi müstəqilliyi və xalqımızın rifahı naminə çalışıb. Təsadüfi deyil ki, müasir mədəniyyət siyasətinin əsası Ümummilli Liderin adı ilə bağlıdır. Hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, layihə çərçivəsində il ərzində musiqi, rəqs, teatr, memarlıq, sənətkarlıq, təsviri sənət, kino sənayesi, fotoqrafiya sənəti, ədəbiyyat və nəşriyyat, televiziya və radio sahələri üzrə görkəmli və peşəkar mədəniyyət xadimləri ilə gənclərin müxtəlif məkanlarda interaktiv görüşləri təşkil olunacaq.
Daha sonra Xalq rəssamı Ömər Eldarov geniş təqdimatla çıxış edib. Təqdimat müddətində onun müəllifi olduğu əsərlər, habelə dahi sənətkarın Ümummilli Liderlə olan xatirələrindən söhbət açılıb.
Tədbir “Ümummilli Lider Heydər Əliyev və milli heykəltəraşlıq, rəsm sənəti” və “Heykəltəraşlıq və rəsm sənətində müasir dövrə baxış: təhlil və nəticə” istiqamətlərində panel müzakirələrlə davam edib, auditoriyanın çoxsaylı sualları cavablandırılıb.
Görüşün bədii hissəsində tanınmış musiqiçilərin ifasında klassik əsərlərdən ibarət musiqi proqramı təqdim olunub.
Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, müxtəlif istiqamətlər üzrə mövcud problemlərin həlli və yaradıcı ideya bankının formalaşdırılmasıdır.