Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.
AZƏRTAC xəbər verir ki, martın 24-də millimiz İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda Portuqaliya yığması ilə qarşılaşıb.
Millimizin start heyətində Şahruddin Məhəmmədəliyev, Azər Salahlı, Anton Krivotsyuk, Elvin Bədəlov, Bədavi Hüseynov, Maksim Medvedev, Abbas Hüseynov, Vüqar Mustafayev, Emin Mahmudov, Mahir Emreli və Əli Qurbani yer alıblar.
Portuqaliya seçməsinin ilk onbirliyində isə meydana Antoni Lopeş, Dominquş Duarte, Ruben Diaş, Nunu Mendeş, Kriştiano Ronaldo, Joau Moutinyu, Ruben Neveş, Pedru Netu, Andre Silva, Bernardu Silva və Juan Kanselu çıxıblar.
Almaniyalı baş hakim Daniel Siebertin idarə etdiyi oyuna Portuqaliya millisi daha fəal başlayıb. Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev bir neçə epizodda komandasını qoldan xilas edib. Matçda hesab 36-cı dəqiqədə açılıb. Belə ki, qapıçımızın uzaqlaşdırmaq istədiyi top kapitan Maksim Medvedevə dəyərək qapıya daxil olub. Komandaların cəhdlərinə baxmayaraq bu, oyunda vurulan yeganə top olub. Beləliklə, millimiz 0:1 hesabı ilə məğlub olub.
Matçda Azərbaycan millisinin heyətində iki futbolçu debüt edib. Anatoli Nuriyev və Aleksey İsayev əvəzetmədən oyuna daxil olublar. A.Nuriyev milli tarixinə 247-ci, A.İsayev isə 248-ci futbolçu kimi düşüblər. Onlaradək 263 qarşılaşmada 246 oyunçu şans qazanıb.
Xatırladaq ki, yığma komandamız seçmə mərhələnin “A” qrupunda Portuqaliya millisi ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Yığmamız növbəti oyununu martın 30-da Bakıda Serbiya seçməsinə qarşı keçirəcək.