Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qardaş ölkədə Ali Məhkəmə və Baş Prokurorluğun yeni inzibati kompleksinin açılışı və Türkiyədə 2021-2022-ci ədliyyə ilinin başlanması ilə bağlı mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Baş prokuror Kamran Əliyevin və Ali Məhkəmənin sədri Ramiz Rzayevin rəhbərlik etdikləri Azərbaycan nümayəndə heyətləri Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca və Baş prokuror Bekir Şahinin dəvəti ilə açılış mərasimində iştirak ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan mövzu ətrafında geniş nitq söyləyib.
Türkiyə Ədliyyə Nazirliyi üçün Ankaranın şöhrətinə yaraşan yeni inzibati binanın təməlinin bu ilin sonunadək atılacağını diqqətə çatdıran dövlət başçısı deyib: “Əgər bir dövlətdə ədalət yoxdursa, onun hansı sistemlə idarə olunmasının əhəmiyyəti olmaz. Orada, sadəcə, zülm hökm sürər”.
Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, məhkəmə və hüquq sisteminə dair yeni-yeni inzibati binaların inşa olunması ölkədə hüquqa, ədalətə və demokratik inkişafa göstərilən diqqət və qayğıdır.
Digər çıxışlarda Ali Məhkəmə və Baş Prokurorluğun yeni inzibati kompleksinin əzəmətindən, yaradılan yüksək səviyyəli iş şəraitindən, Türkiyədə həyata keçirilən hüquqi islahatlardan, qanunların işləməsi, ədalətin və şəffaflığın qorunması, o cümlədən sosial şəbəkənin fəaliyyətin tənzimlənməsinin əhəmiyyətinə dair mühüm məqamlar səsləndirilib.
Azərbaycan nümayəndə heyətləri sentyabrın 2-də Ankarada “Kassasiya instansiyası məhkəmələrində mükəmməllik” mövzusunda keçiriləcək beynəlxalq simpoziumda iştirak edəcəklər.