Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında planlaşdırılan görüşünə qatılaraq, neft bazarının qlobal şəkildə tənzimlənməsi prosesinə töhfə verməyə hazırdır.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, dünya neft bazarı hazırda iqtisadi aktivliyin zəifləməsi ilə əlaqədar neftə qlobal tələbatın kəskin azalması və neft ehtiyatlarının artmasının yaratdığı çətinliklərlə üzləşib. Belə ki, neftə qlobal tələbin azalması, təxminən, gündəlik 10-15 milyon barrel civarında qiymətləndirilir. Ay ərzində gündəlik tələbatın 20 milyon barrelədək azalacağı, tədarük profisti ilə əlaqədar yaxın aylarda neft anbarlarının tamamilə dolacağı proqnozlaşdırılır. Belə bir vəziyyətdə “OPEC plus” formatında müzakirələrin bərpası və tənzimləmə mexanizminə qayıtma qlobal neft bazarı üçün mühüm əhəmiyyət daşıyır. Hesab edirik ki, əməkdaşlığı neft bazarının iqtisadi amillərlə dəstəklənmədiyi situasiyada yeganə həll yoludur.
Biz indi neft bazarının tənzimlənməsi prosesində yeni bir mərhələnin başlanğıcındayıq. Hazırkı problemlər yalnız “OPEC plus” ölkələrinə deyil, bu formatdan kənar ölkələrə də mənfi təsir edir. Ona görə də hesab edirik ki, neft bazarında tədricən balansın yaradılması üçün “OPEC plus” formatından kənar ölkələr də bu prosesdə iştirak etməlidir. OPEC və digər qeyri-OPEC ölkələrinin geniş formatda əməkdaşlığı baş tutarsa, tarixdə ilk dəfə olaraq yeni bir nizamlama modeli formalaşar, neft bazarında daha effektli və ədalətli tənzimlənmə mexanizmi yarana bilər. Neft bazarında tarazlıq və qiymət sabitliyi əldə edilər.
Ümid edirik ki, “OPEC plus” ölkələri bu nadir fürsəti mühüm qərara çevirəcək addımlar atacaq. Azərbaycan da indiyə kimi “OPEC plus” formatının yaradılması və qərarlarının icrasında mühüm rol oynamış ölkə kimi neft bazarının tənzimlənməsi prosesinə bundan sonra da dəstək verməyə, yeni öhdəliklər götürməyə hazırdır. Eyni zamanda, Azərbaycan bütün neft ölkələrini qarşıdakı görüşdə vahid mövqedən çıx;ş edərək, neft bazarına birgə dəstək verməyə çağırır.