Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 milyon barel azaldılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin bu yeni öhdəlikləri cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilib. Razılaşmanın müddəti 2023-cü il dekabrın 31-dək uzadılıb.
Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel təşkil edir. Beləliklə, OPEC+ razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min bareldən azaldılaraq 684 min barel həcmində saxlanılmasını nəzərdə tutur.
“OPEC+”un növbəti görüşü cari ilin 4 dekabrına təyin edilib.