Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq, noyabrın 12-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, andiçmə mərasimlərində hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirildikdən sonra tədbirlər açıq elan olunub.
Öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonda gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlıqları, eləcə də şəhid ailələrinin üzvləri, veteranlar, əsgər valideynləri çıxış edərək gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.
Yekunda şəxsi heyət təntənəli şəkildə hərbi marşın sədaları altında tribuna önündən keçiblər.