“Əlbəttə ki, bizim əsas məqsədimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılış mərasimində deyib.
Dövlət başçısı bildirib ki, bu istiqamətdə ardıcıl işlər aparılır: “Bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri, mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır. Azərbaycan bu istiqamətdə bütün lazımi işləri görür. Həm tarixi ədalət bizim tərəfimizdədir, Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır, həm də beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə ki, iqtisadi və hərbi potensial ölkəmizi daha da gücləndirir. Biz bundan sonra da bu məsələ ilə bağlı ardıcıl siyasət aparacağıq. Bir daha demək istəyirəm ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər”.