Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev 12 İyun – Rusiya Günü münasibətilə təbriklərini çatdırdı.
İqor Levitin təbriklərə görə təşəkkür etdi. O, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş etdi.
İqor Levitin Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, Ulu Öndərin 100 illiyinin Rusiyada geniş şəkildə qeyd olunduğunu məmnunluqla vurğuladı.
Görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi qeyd olundu.
Söhbət zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə qarşılıqlı səylərin davam etdirilməsi, yük həcmlərinin artırılması, Azərbaycan ərazisində müvafiq infrastrukturdan istifadə imkanları, müasir nəqliyyat habına çevrilən ölkəmizin ərazisindən Bakı-Tbilisi-Qars və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə daşımalar barədə fikir mübadiləsi aparıldı.
Gələcəkdə Zəngəzur dəhlizinin potensialından Rusiyanın istifadə imkanlarının araşdırılması ilə əlaqədar məsələlər müzakirə olundu. Azərbaycanda müasir gəmiqayırma sahəsinin imkanlarından istifadə edilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.