İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopu qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
Türkiyə parlamentinin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının əhəmiyyətini vurğuladı, Azərbaycanın Hərəkata sədrliyi müvəffəqiyyətlə həyata keçirdiyini bildirdi.
Mustafa Şentop Azərbaycan ilə Türkiyə arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Türk Dövlətləri Təşkilatı, TÜRKPA çərçivəsində əməkdaşlığın vacibliyini qeyd edən Mustafa Şentop İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üçüncü ümumi konfransı ilə əlaqədar bir müddət əvvəl Azərbaycanda səfərdə olduğunu məmnunluqla xatırladı.
Söhbət zamanı 2019-cu ildə Azərbaycanda Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilərkən Türkiyənin ölkəmizin xüsusi dəvəti ilə tədbirdə iştirakının əhəmiyyəti vurğulandı.
Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatının fəaliyyətinin daha da inkişaf etdirilməsinə, onun təsisatlanmasına mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə bir sıra təşəbbüslərlə çıxış etdiyini bildirdi.
Vətən müharibəsi zamanı Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT Təhlükəsizlik Şurasında Azərbaycana göstərdiyi dəstəyin əhəmiyyəti qeyd olundu.