Oktyabrın 12-də Qazaxıstana işgüzar səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şəriflə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Səmərqənddəki görüşdən bir ay sonra Astanada keçirilən bu görüşün ölkələrimiz arasında əlaqələrin dinamikliyini bir daha göstərdiyini bildirdi.
Dövlətimizin başçısı ilə Səmərqənddəki görüşünü məmnunluqla xatırlayan Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana səfərə dəvət etdi.
Azərbaycan Prezidenti Pakistana səfər etmək niyyətində olduğunu bildirdi və öz növbəsində Baş nazir Şahbaz Şərifi ölkəmizə səfərə dəvət etdi.
Pakistanın Baş naziri Azərbaycana məmnuniyyətlə səfər etmək niyyətində olduğunu dedi.
Şahbaz Şərif Pakistan xalqına göstərdiyi yardıma görə dövlətimizin başçısına təşəkkürünü ifadə etdi və ölkəsinin baş vermiş selin nəticələrindən hələ də əziyyət çəkdiyini bildirdi.
Baş nazir Şahbaz Şərif keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Pakistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini davamlı şəkildə dəstəklədiyini qeyd etdi.
Dövlətimizin başçısı Pakistanın mövqeyinə görə təşəkkürünü bildirdi, Azərbaycanın da Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini daim dəstəklədiyini vurğuladı.
Baş nazir Şahbaz Şərif Azərbaycanın bu ədalətli mövqeyinə görə minnətdarlığını ifadə etdi.
Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üzrə ölkəmizin təkliflərini diqqətə çatdırdı. Prezident İlham Əliyev qeyd etdi ki, əgər Ermənistan tərəfindən siyasi iradə nümayiş olunarsa, tezliklə sülh müqaviləsi imzalana bilər.
Görüş əsnasında Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığının önəmi vurğulandı. Bu çərçivədə əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olundu.
Eyni zamanda, ölkələrimiz arasında hərbi-texniki, ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə toxunuldu və bu istiqamətdə müzakirələr aparıldı.