Azərbaycan Prezidenti İlham Əliyev İtaliya komandasının Avropa çempionu adını qazanması münasibətilə İtaliya Prezidenti Sercio Mattarellaya təbrik teleqramı göndərib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu münasibətlə İtaliya Prezidentini və onun simasında dost İtaliya xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib.
Təbrikdə deyilir: “Avropa birinciliyinin bütün oyunlarında yüksək ustalıq, böyük əzmkarlıq, yenilməz iradə nümayiş etdirmiş və öz tarixində ikinci dəfə bu yüksək titulu qazanmış İtaliya futbolçularına ən səmimi təbriklərimizi yetirir, onlara yeni-yeni uğurlar arzulayıram.
Əminəm ki, Azərbaycan ilə İtaliya arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Bu əlamətdar anlarda sevincinizə qoşulur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İtaliya xalqına daim rifah və əmin-amanlıq diləyirəm”.