Ümummilli Lideri Heydər Əliyev dost və qardaş Özbəkistanla və Özbəkistan xalqı ilə əlaqələrə böyük diqqət yetirirdi. Bu siyasət hazırda da bütün istiqamətlərdə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edərkən deyib.
Dövlətimizin başçısı Tənzilə Narbayevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakını yüksək qiymətləndirib və Ulu Öndərin xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib. Özbəkistana səfəri zamanı Prezident Şavkat Mirziyoyevlə birlikdə Ulu Öndərin abidəsinin və onun adını daşıyan parkın açılmasını da bu ehtiramın təzahürü olduğunu qeyd edib.
Prezident İlham Əliyev Özbəkistanın dövlət başçısı ilə dostuq münasibətlərinin ikitərəfli əlaqələrimizin genişlənməsi işinə xidmət etdiyini bildirərək bu işdə qarşılıqlı səfərlərin önəmini vurğulayıb.