Azərbaycan bu ilin sonuna qədər Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) abunə kapitalının artırılmasında onun üzərinə düşən öhdəliklə bağlı ilk ödənişi həyata keçirəcək.
“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu gün nazir Samir Şərifov ölkəmizdə səfərdə olan QDTİB-nin prezidenti Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə tərəflər arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri, iyul ayında keçiriləcək Rəhbərlər Şurasının İllik Toplantısı, bankın abunə kapitalının artırılmasında Azərbaycanın iştirakı, regiondakı mövcud geosiyasi vəziyyətin bankın maliyyə durumuna təsiri, ölkəmizdəki layihələrdə bankın iştirakının genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Qeyd olunub ki, QDTİB-nin Rəhbərlər Şurasının 2021-ci ilin oktyabrında keçirilən 14-cü Xüsusi Toplantısında bankın abunə kapitalının artırılmasına dair qərar qəbul edilib. Azərbaycana ümumi dəyəri 41,032 milyon avro təşkil edən 36 680 ədəd səhm təklif edilib ki, bunun da 12,31 milyon avro məbləğində olan hissəsi 8 il ərzində bərabər hissələrlə banka ödənilməlidir. Abunəliklə bağlı ilk ödəniş 2023-cü ilin sonunadək həyata keçiriləcək.
QDTİB beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır, iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsində, kredit xətlərinin açılmasında, investisiyaların və zəmanətlərin verilməsində, ticarətin maliyyələşdirilməsində iştirak edir.