Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 25 il keçir

“Konstitusiya Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində mühüm beynəlxalq sənədlərə əsaslanaraq qəbul etdiyi qərarlar insanların siyasi, iqtisadi, sosial və digər hüquq və azadlıqlarının təmin edilməsinə, dövlətin hüquqi bünövrəsinin möhkəmləndirilməsinə, gələcək nəsillər üçün zəngin hüquqi irsin formalaşmasına xidmət edir”.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev

“Ötən illər ərzində Konstitusiya Məhkəməsi səmərəli fəaliyyəti ilə və qəbul etdiyi qərarlarla Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinə, milli qanunvericiliyin, dinamik dəyişən ictimai münasibətlərə uyğun olaraq, Konstitusiyanın müddəaları nəzərə alınmaqla təkmilləşdirilməsinə, cəmiyyətdə hüquq mədəniyyətinin və müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etməsinə dəyərli töhfə vermişdir.

Əminəm ki, Konstitusiya Məhkəməsi bundan sonra da ölkəmizdə hüquqi dövlət və konstitusionalizm ideya və prinsiplərinin həyata keçirilməsində səylərini əsirgəməyəcəkdir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bu günlərdə Azərbaycan Respublikasında ali konstitusiya ədalət mühakiməsi orqanının – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının 25 illiyi tamam olur. Bu yubiley tarixinin Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsi Konstitusiya Məhkəməsi üçün olduqca əlamətdardır.

Dövlətimizin başçısı İlham Əliyevin 2022-ci il sentyabrın 29-da “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamında qeyd edilib: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

XX əsrin 90-cı illərində Azərbaycan olduqca mürəkkəb dövrdən keçərək dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, məhz Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra respublikada demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin təşəkkülü mümkün olub. Ümummilli Liderin müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində qətiyyətli və prinsipial mövqeyi sayəsində ölkədə baş verən özbaşınalığa və hərc-mərcliyə son qoyulub, nəticədə ictimai-siyasi sabitlik tam bərqərar edilib. Müasir Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin 30 il əvvəl, 1993-cü ildə ölkənin siyasi rəhbərliyinə qayıdışından sonra bütün sahələrdə sabitliyin təmin olunması genişmiqyaslı islahatların həyata keçirilməsinə əlverişli şərait yaratdı. Məhz Ulu Öndərin ardıcıl, məqsədyönlü siyasəti nəticəsində hərtərəfli inkişafa nail olundu, ictimai-siyasi sabitlik bərpa edildi, hüququn aliliyi, beynəlxalq birliyə inteqrasiya, vətəndaş cəmiyyəti quruculuğuna keçid prosesi həyata keçirildi. Bunların hamısı dahi şəxsiyyət Heydər Əliyevin tarixi xidmətləridir.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qarşıda duran əsas vəzifələr ölkə daxilində siyasi sabitliyin təmin edilməsi, iqtisadi siyasət sahəsində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, kompleks xarakter daşıyan islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının hazırlanması idi. Demokratik və hüquqi dövlət quruculuğunu əsas inkişaf istiqaməti olaraq seçən ölkəmizdə bu vəzifələrin yerinə yetirilməsi və məqsədlərə nail olunması üçün qısa müddətdə irimiqyaslı qanunvericilik islahatları reallaşdırıldı. Həyata keçirilən islahatlar çərçivəsində ən mühüm hadisə 1995-ci il noyabrın 12-də Ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi oldu. Şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ölkənin Əsas Qanununun hazırlanaraq qəbul edilməsi müstəqillik illərinin ən mühüm nailiyyətlərindən biri oldu. Belə ki, cəmiyyətin həyatının bir çox sahələrində dəyişikliklərə yol açaraq Konstitusiya insan hüquq və azadlıqlarının təminatı üçün əlverişli şərait yaratdı, ölkədə müasir, vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşmasında vacib addım oldu. Konstitusiya Azərbaycan Respublikasında xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğunu elan edir, öz müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi xalqımızın suveren hüququ kimi təsbit edir. Bundan əlavə, Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir, respublikamızda dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdığını bəyan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi olaraq təsbit edir.

Əsas Qanun ölkədə demokratik dövlət quruculuğu və cəmiyyətin gələcək inkişafı üçün davamlı hüquqi zəmin yaratdı. Məhz həmin dönəmdə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi baxımından tariximizin ən vacib dövrünün təməli qoyuldu. Əsas Qanunun qəbulundan sonra milli qanunvericiliyin təkmilləşdirilməsi və mütərəqqi beynəlxalq təcrübəyə əsaslanması istiqamətində olduqca mühüm addımlar atıldı. Konstitusiyaya uyğun olaraq, yeni hüquq sistemi formalaşdırmaq məqsədilə Ulu Öndər qabaqcıl beynəlxalq təcrübəni, demokratik dəyər və prinsipləri, eyni zamanda xalqımızın dövlətçilik tarixi və ənənələrini rəhbər tutmaqla genişmiqyaslı islahatlara başladı.

Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə müasir məhkəmə-hüquq sisteminin bərqərar edilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci il Konstitusiyasının dövlət və hüquq sisteminə gətirdiyi əsas yeniliklərdən biri də demokratik hüquqi dövlətin təməl daşlarından biri hesab olunan müstəqil məhkəmə hakimiyyətinin yaradılması oldu. Əsas Qanunun qəbulundan sonra müstəqil məhkəmə hakimiyyətinin fəaliyyətinin təmin edilməsinə yönələn qanunvericilik bazası yaradılıb, hər kəsin hüquq və azadlıqlarının daha səmərəli müdafiə edilməsi üçün çoxpilləli məhkəmə sistemi formalaşdırılıb. Konstitusiyada təsbit edilmiş hakimiyyətlər bölgüsü prinsipinə müvafiq olaraq məhkəmə hakimiyyəti orqanları həm də keyfiyyət baxımından yeni funksiyalar əldə etdi.

Dövlətimizin Əsas Qanunu qəbul edildikdən sonra 1998-ci ildə konstitusiya nəzarəti orqanı olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Belə ki, 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib, 1998-ci il iyulun 14-də Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi ilə və həmin ilin iyulun 18-də Ulu Öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədilə imzaladığı Fərmanla Konstitusiya Məhkəməsi rəsmi olaraq fəaliyyətə başladı. Qeyd edilməlidir ki, ölkəmizdə konstitusiya nəzarəti orqanının fəaliyyətə başlaması, o cümlədən bu orqanın müstəqilliyinin təmin edilməsi, hakimlərinin sosial təminatının və müdafiəsinin gücləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.

Konstitusiya Məhkəməsinin yaradıcısı olaraq bu təsisatın əsas vəzifələrindən birini Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarının qorunmasında görən Ulu Öndər Heydər Əliyev bu Məhkəmənin yaradılmasının beşinci ildönümü münasibətilə müraciətində qeyd edib: “Konstitusiya Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində mühüm beynəlxalq sənədlərə əsaslanaraq qəbul etdiyi qərarlar insanların siyasi, iqtisadi, sosial və digər hüquq və azadlıqlarının təmin edilməsinə, dövlətin hüquqi bünövrəsinin möhkəmləndirilməsinə, gələcək nəsillər üçün zəngin hüquqi irsin formalaşmasına xidmət edir”.

Konstitusiya Məhkəməsi Ulu Öndərin bu sözlərini hər zaman rəhbər tutur və üzərinə qoyulan bu vacib missiyanın öhdəsindən gəlməyə çalışır. Səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsinin əsas məqsədləri Konstitusiyanın aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Konstitusiya Məhkəməsinin fəaliyyətindən bəhs edərkən qeyd edilməlidir ki, Məhkəmənin əsas səlahiyyətləri Konstitusiyanın 130-cu maddəsində əksini tapıb. Qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarının, bələdiyyə və məhkəmə aktlarının Konstitusiyaya və hüquqi qüvvəsinə görə daha üstün olan aktlara uyğunluğunun yoxlanılması Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən biridir. Bu səlahiyyəti vasitəsilə Konstitusiya Məhkəməsi Konstitusiyanın və qanunların aliliyini təmin edir. Məhkəmə tərəfindən yoxlanılan norma məhz Əsas Qanunun hərfinə və ruhuna, o cümlədən onun təməl prinsiplərinə uyğunluğu baxımından qiymətləndirilir.

Konstitusiya Məhkəməsinin digər mühüm səlahiyyəti Konstitusiyanın və qanunların şərhidir. Konstitusiya Məhkəməsi tərəfindən verilən şərhin əsas məqsədi Konstitusiya və qanunların müvafiq müddəalarının başa düşülməsində qeyri-müəyyənliyin aradan qaldırılması, eyni zamanda, bu müddəaların həqiqi mənasını və məzmununu müəyyən etmək və bununla da, onların vahid tətbiqi qaydasını müəyyən etməkdir. Konstitusiya Məhkəməsi bu səlahiyyətini müvafiq hüquq subyektlərinin sorğuları və məhkəmələrin müraciətləri əsasında həyata keçirir.

Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi digər məhkəmələrlə qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafına hər zaman böyük diqqət yetirir. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar sırasında məhkəmələrin müraciətləri əsasında Konstitusiya və qanunların şərhinə dair çıxarılmış qərarlar xüsusi çəkiyə malikdir. Belə ki, məhkəmələrin müraciətləri əsasında qəbul edilmiş qərarlar qanunvericilikdə mövcud olan qeyri-müəyyənliklərin aradan qaldırılmasına yönəlməklə, vahid məhkəmə təcrübəsinin formalaşmasına töhfəsini verir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əksini tapan hüquqi mövqelərin məhkəmələr tərəfindən birmənalı tətbiqi, eyni zamanda, məhkəmə təcrübəsinin stabilliyinə xidmət edir və nəticə etibarilə hüquqtətbiqetmə təcrübəsinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 2002-ci il avqustun 24-də keçirilmiş referendumla Əsas Qanuna edilmiş əlavə və dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərini nəzərdə tutan 130-cu maddəyə V, VI və VII hissələr əlavə edilib. Nəticədə konstitusiya ədalət mühakiməsi orqanına müraciət etmək hüququna malik subyektlərin dairəsi genişləndirilib. Həmin əlavələrə əsasən, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman), məhkəmələr və hər kəs Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ əldə edib.

Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən bəhs edərkən fərdi şikayətləri, mahiyyət və təyinatına əsasən isə konstitusiya şikayətlərini xüsusilə qeyd etmək lazımdır. 2002-ci ildə keçirilmiş konstitusiya islahatlarından və 2004-cü ildə “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun qüvvəyə minməsindən sonra Konstitusiya Məhkəməsində konstitusiya şikayətləri institutu tətbiq edilməyə başladı. Qanunvericiliyə edilmiş bu dəyişikliklər Konstitusiya Məhkəməsinin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olub, insan hüquq və azadlıqlarının müdafiəsi üçün əhəmiyyətli vasitənin əldə edilməsi baxımından mühüm zəmin yaradıb. Müasir hüquq doktrinasında konstitusiya şikayəti institutu insan hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinin effektiv mexanizmi olaraq qəbul edilir və Əsas Qanunun aliliyinin təmin olunmasının səmərəli və etibarlı vasitələrindən biri qismində çıxış edir.

Ümumilikdə, Konstitusiya Məhkəməsi fəaliyyət göstərdiyi illərdə pozulmuş hüquq və azadlıqların bərpa edilməsinə yönələn bir sıra mühüm qərarlar qəbul edib, daxil olan sorğu və müraciətlər əsasında qanunların və digər normativ hüquqi aktların düzgün anlamı və tətbiqinə dair rəsmi şərhlər və izahlar verib. Ötən 25 ildə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 545 qərar və 161 qərardad qəbul edilib. Bu qərar və qərardadların böyük hissəsi Əsas Qanunda təsbit olunmuş insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı olub.

Xüsusilə vurğulanmalıdır ki, 1998-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Konstitusiya Məhkəməsi fəaliyyətə başladıqdan sonra Ümummilli Lider Heydər Əliyev dövlət başçısı olaraq Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək hüququndan istifadə edib. Belə ki, Ulu Öndər Heydər Əliyev Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinin “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Qanunun 29.1-ci maddəsinə şamil edilməsinə dair müvafiq şərhin verilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edib. Bu sorğu ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu 2000-ci il 28 avqust tarixli Qərarında qeyd edib ki, sorğuda qaldırılan məsələ seçkilərdə Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş hüquq və təminatların bərqərar olunmasına yönəlib. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlib ki, Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə müvafiq olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Qanunun 29.1-ci maddəsinin müddəaları yalnız bu Qanunun qüvvəyə minməsindən sonra Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaranan və müvafiq icra hakimiyyəti orqanından müəyyənləşdirilmiş qeydiyyat şəhadətnaməsi alan siyasi partiyalara şamil edilir. Ulu Öndər Heydər Əliyevin sorğu ilə Konstitusiya Məhkəməsinə müraciət etməsi bizim Məhkəmə üçün olduqca əhəmiyyətli hadisə olmaqla, eyni zamanda milli qanunvericiliyin təkmilləşdirilməsinə yönəlib.

Ötən fəaliyyət dövrü ərzində də daxil olmuş sorğu, müraciət və şikayətlərə dair bir sıra mühüm qərar və qərardadlar qəbul edilib. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 2023-cü il 12 yanvar tarixli qərarında qeyd olunub ki, nəzəriyyədə təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəli tərəflərini təşkil edir. Bununla belə, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur.

Konstitusiya Məhkəməsinin Plenumunun qənaətinə görə, “arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyənləşdirilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Bu Qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər.

Digər bir qərar, Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilən “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 2023-cü il 11 aprel tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə və həmin maddənin “Qeyd” hissəsinə istinad edərək bildirib ki, qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən edib. İlk növbədə əməkhaqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Maddənin tətbiqində qeyri-müəyyənlik yaradan məsələ isə əməkhaqqının gecikdirilməsinin fərdi əmək mübahisəsinə səbəb olduğu halda ödəncin verilib-verilməməsi ilə bağlıdır. Qərarda göstərilib ki, əmək münasibətləri çərçivəsində əməkhaqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir.

Formalaşdırılmış hüquqi mövqedə qeyd edilib ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsinin tələbinə görə, işəgötürən ödəncin verilməsindən imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə qaydasında həll etməyə məcbur olur. Bu baxımdan normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hüquqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının əsasını təşkil edən əməkhaqqı hüququnun pozulmasına görə işəgötürənin məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əməkhaqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də mənasız edər. Bu halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya çevrilməklə faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum edir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Eyni zamanda qeyd edilib ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

Bakı Apellyasiya Məhkəməsinin digər müraciəti əsasında qəbul edilən “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1-ci və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 16 iyun tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin və Torpaq Məcəlləsinin müvafiq maddələrinə istinad edərək qeyd edib ki, eyni məsələni tənzimləyən göstərilən normalar bir-birindən fərqli iki qayda müəyyən etdiyindən qanunvericilikdə kolliziya yaranıb. Qeyd edilib ki, konkret iş üzrə faktiki halların araşdırılması və qanunvericiliyin təfsiri əsasında tətbiq olunmalı olan normaların seçiminin, ilk növbədə, Konstitusiyanın 147-ci maddəsinin II hissəsinin və 149-cu maddəsinin müvafiq müddəalarına uyğun həyata keçirilməsi və iyerarxiya prinsipinin tətbiq olunması ümumi yurisdiksiyalı məhkəmələrin hüquq tətbiqedici fəaliyyətinin təzahürü kimi qəbul edilməlidir. Qərarda göstərilib ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi və 75-ci maddəsinin 2-ci hissəsində, həm də Mülki Məcəllənin 719.1-ci və 719.4-cü maddələrində nəzərdə tutulan normalar 2011-ci il fevralın 17-dən əvvəl qüvvəyə minib. Bu səbəbdən, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.5-ci maddəsi həmin normalar arasında olan kolliziyanın aradan qaldırılmasında tətbiq edilə bilməz. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu hesab edib ki, müraciətdə göstərilən kolliziyanın aradan qaldırılması Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsində təsbit olunmuş xüsusi kollizion normanın tətbiqi ilə həyata keçirilməlidir. Bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi, 75-ci maddəsinin 2-ci hissəsi və Mülki Məcəllənin 719.1-ci və 719.4-cü maddələrinin torpaq icarəsi müqaviləsi üzrə torpaq hüquq münasibətlərinə xitam verilməsi barədə müddəaları arasında mövcud olan kolliziya bu qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqelərə uyğun olaraq Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsi tətbiq edilməklə həll olunmalıdır.

Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsinin müasir təcrübə və inkişaf meyillərinin öyrənilməsinə, həmçinin bu təcrübənin Məhkəmənin fəaliyyətində tətbiq edilməsinə hər zaman xüsusi diqqət yetirir. Konstitusiya Məhkəməsinin Plenumu qəbul edilən bir sıra qərarlarında beynəlxalq hüquqi aktların, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, həmçinin respublikamızın tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə istinadlar edir.

Ümumiyyətlə, ötən 25 ildə öz hüquqi mövqelərini daha da əsaslandırmaq məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilən 404 qərarında beynəlxalq hüquq normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və xarici ölkələrin konstitusiya ədalət mühakiməsi orqanlarının təcrübəsinə istinadlar edilib. Həmçinin Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı vaxtdan beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verərək, xarici ölkələrin konstitusiya nəzarəti orqanları və bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Hazırda Məhkəməmiz Avropa Şurası Venesiya Komissiyasının Ədalət Mühakiməsi üzrə Birgə Şurası, Avropa Konstitusiya Məhkəmələri Konfransı, Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı, Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası, Avrasiya Konstitusiya Nəzarəti Orqanları Assosiasiyası, İslam Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı, Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının tamhüquqlu üzvüdür. Konstitusiya Məhkəməsi beynəlxalq məhkəmə-hüquq əməkdaşlığı çərçivəsində hər il müxtəlif dövlətlərin konstitusiya nəzarəti orqanları, həmçinin beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan mötəbər tədbirlərdə iştirak edir. Sonuncu belə tədbirlərdən biri bu il mayın 29-dan iyunun 2-dək “Məhkəməyə əlçatanlıq: konstitusiya perspektivləri” mövzusunda Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının çərçivəsində keçirilən beynəlxalq simpozium oldu. Bu tədbir çərçivəsində bir sıra aktual məsələlər barəsində ətraflı fikir mübadiləsi və müzakirələr aparılıb, məruzələr dinlənilib. Bu cür beynəlxalq konfrans və tədbirlərin keçirilməsi konstitusiya ədalət mühakiməsi sahəsində qabaqcıl təcrübə mübadiləsinin aparılması baxımından əlverişli imkanlar yaradır, həmçinin məhkəmələr və beynəlxalq təşkilatlar arasında yeni əməkdaşlıq münasibətlərinin qurulması üçün universal bir platformadır.

Konstitusiya Məhkəməsi gənclər arasında hüquqi maarifləndirmə işinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Gənclərin hüquq mədəniyyətinin inkişafı, hüquqi biliklərinin artırılması, Konstitusiyanın əsaslarının və mahiyyətinin daha dərindən öyrənilməsi və təbliği məqsədilə ənənəvi olaraq hər il ölkəmizin müxtəlif bölgələrində ali təhsil müəssisələrinin tələbələri və orta məktəb şagirdləri arasında hüquq olimpiadaları keçirilir. Belə ki, 2022-ci ilin oktyabrında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı hüquq olimpiadası respublikanın bir sıra rayonlarında keçirilib. Eləcə də cari ilin fevral-mart aylarında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Konstitusiya Məhkəməsinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxtda məktəblilər arasında və Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsində “Heydər Əliyev və hüquqi dövlət” adlı hüquq olimpiadaları təşkil edilib.

Konstitusiya Məhkəməsinin 25 illiyi münasibətilə bu il iyulun 4-də Bakıda “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Türkiyə, Albaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İndoneziya, Macarıstan, Serbiya, Tailand Konstitusiya Məhkəmələrinin sədr və hakimləri, habelə Azərbaycanın bir sıra dövlət orqanlarının rəhbərləri və nümayəndələri, alimlər, elm xadimləri və digər qonaqlar iştirak ediblər. Tədbirdə konstitusiya ədalət mühakiməsi ilə bağlı müxtəlif aktual mövzulara dair məruzələr dinlənilib, müasir dövrdə konstitusiya ədalət mühakiməsinin qarşılaşdığı çağırışlara dair müzakirələr və fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı İlham Əliyev Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına, həmçinin Məhkəmənin hakimləri və əməkdaşlarına müraciət edib. Azərbaycan Prezidentinin müraciətində deyilir: “Ötən illər ərzində Konstitusiya Məhkəməsi səmərəli fəaliyyəti ilə və qəbul etdiyi qərarlarla Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinə, milli qanunvericiliyin, dinamik dəyişən ictimai münasibətlərə uyğun olaraq, Konstitusiyanın müddəaları nəzərə alınmaqla təkmilləşdirilməsinə, cəmiyyətdə hüquq mədəniyyətinin və müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etməsinə dəyərli töhfə vermişdir.

Əminəm ki, Konstitusiya Məhkəməsi bundan sonra da ölkəmizdə hüquqi dövlət və konstitusionalizm ideya və prinsiplərinin həyata keçirilməsində səylərini əsirgəməyəcəkdir”.

Dövlətimizin başçısı İlham Əliyevin Konstitusiya Məhkəməsinin fəaliyyətinə yüksək qiymət verməsi və eyni zamanda etimad göstərilməsi hər birimiz üçün olduqca əhəmiyyətli və qürurverici olmaqla, həmçinin böyük məsuliyyət deməkdir. Konstitusiya Məhkəməsi bundan sonra da göstərilən bu yüksək etimadı doğrultmağa, eləcə də qarşıya qoyulan məqsəd və vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaq.

Qeyd edilməlidir ki, tarixi nöqteyi-nəzərdən qısa müddət ərzində dövlətimiz nəhəng inkişaf yolu keçib. Ölkəmiz dinamik şəkildə inkişaf edərək ildən-ilə güclənir və bu gün parlaq və qüdrətli dövrünü yaşayır. Şübhəsiz ki, əldə olunan uğurların əsası məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub. Ulu Öndərin həm sovetlər dövründə, həm də müstəqillik illərində gördüyü işlər sonralar Azərbaycanda milli dövlətçilik ideyalarının aparıcı qüvvəyə çevrilməsi və eyni zamanda bütün cəmiyyətin bu ideya ətrafında birləşməsi üçün şərait yaradıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dönəmində çox önəmli bir istiqamət isə işğal olunmuş torpaqların azad edilməsi, ərazi bütövlüyünün bərpası idi. İşğalın daha da genişlənməsinin qarşısını almaq məqsədilə Ulu Öndər tərəfindən dərindən düşünülmüş və müsbət nəticələrin əldə edilməsinə yönəlmiş mühüm addımlar atılıb. Məhz Ümummilli Lider Heydər Əliyevin qətiyyəti nəticəsində 1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olunub. Atəşkəs rejiminin yaratdığı vəziyyətdən istifadə etməklə Ulu Öndər qısa zamanda Azərbaycanda bir çox sahənin inkişafında, o cümlədən nizami Milli Ordunun formalaşmasında əhəmiyyətli dönüş yarada bildi. Ümummilli Lider Heydər Əliyev yaxşı bilirdi ki, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, eyni zamanda, dövlət müstəqilliyini möhkəmləndirmək və hər cür təhdidlərə cavab vermək üçün ordu quruculuğunda köklü islahatların aparılması, müasir standartlara cavab verən müasir və güclü Silahlı Qüvvələrin yaradılması olduqca vacibdir.

Müasir ordu quruculuğu prosesi sonradan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Silahlı Qüvvələrimiz ən qabaqcıl və nümunəvi ordular sırasına daxil oldu. Hərbi quruculuq prosesi dövlətimizin başçısının rəhbərliyi ilə mahiyyət və keyfiyyət baxımından yeni inkişaf mərhələsinə qədəm qoydu. Qazanılan nailiyyətlər Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, yüksək ixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması istiqamətində aparılan məqsədyönlü siyasət sayəsində mümkün olub.

Qırx dörd günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin vəsiyyətinə əməl edərək və xalqımızın 30 illik həsrətinə son qoymaqla dövlətimiz və xalqımız üçün yazdığı milli dövlətçilik tariximizin qürurlu və şərəfli səhifəsidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi: “İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Bu, qəhrəmanlıq dastanıdır. Bu, misli görünməmiş qəhrəmanlıqdır”.

Qazanılan şanlı Zəfər tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi qəhrəmanlıq salnaməsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, sərkərdəlik məharəti, Ordumuzun qəhrəmanlığı və xalq-iqtidar birliyi, xalqımızın dövlətimizin başçısı ətrafında bir məqsəd naminə səfərbərliyi Vətən müharibəsində dövlətimizin şanlı Qələbəsini təmin edən amillər idi. Bu Qələbə sayəsində dövlətimizin Əsas Qanunun hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa olundu, eyni zamanda, vətəndaşlarımızın Konstitusiyada təsbit edilmiş bir sıra hüquqlarının, o cümlədən sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək, təhlükəsiz yaşamaq kimi hüquqlarının tam şəkildə bərpası üçün zəmin yarandı.

Bu gün artıq ölkəmiz üçün yeni reallıqlar, yeni quruculuq, işğaldan azad edilmiş ərazilərin bərpası və hərtərəfli inkişafı dövrüdür. İşğaldan azad edildikdən sonra bu ərazilərin tezliklə bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və orada məskunlaşdırılması, regionun gələcək sosial-iqtisadi inkişafı qarşıda duran əsas vəzifələrdəndir. Hazırda işğaldan azad olunan ərazilərin bərpa və yenidənqurma prosesi yüksək sürətlə həyata keçirilir. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına mütəmadi səfərləri və orada aparılan işlərə bilavasitə nəzarət işğaldan azad olmuş ərazilərimizin bərpa, yenidənqurma prosesinin dövlət qarşısında duran prioritet istiqamət olmaqla daim diqqət mərkəzində saxlandığını bir daha təsdiqləyir. Hazırda hər kəs bu ərazilərdə həyata keçirilən mühüm işlərin şahididir. Burada dağıdılan hər bir kənd və şəhər tamamilə yenidən qurulur. Vətən müharibəsindən ötən müddətdə Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm layihələrin təməli qoyulur, bir çox irimiqyaslı layihələr isə artıq başa çatdırılıb. Elektrik stansiyalarının, geniş yol şəbəkəsinin, körpü və tunellərin, hava limanlarının, otellərin, istehsalat müəssisələrinin, sosial infrastruktur obyektlərinin tikintisi göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası kompleks xarakter daşıyır. Qısa müddətdə bu cür iri infrastruktur layihələrinin həyata keçirilməsi bütün dünyada böyük marağa səbəb olur.

Dövlətimizin başçısı İlham Əliyevin bilavasitə rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılması və bərpa prosesi ilə bağlı çoxşaxəli işlər həyata keçirilir. Bu ərazilərdə aparılan bərpa işləri Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin əyani göstəricisidir.

İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı həyata keçirilən bütün layihələr bir daha onu göstərir ki, dövlətimiz həmin əraziləri regionun ən inkişaf etmiş ərazilərindən birinə çevirməyi qarşıya məqsəd olaraq qoyub. Bu ərazilərin böyük təbii ehtiyatlara malik olması bu məqsədin əldə edilməsinə daha da əlverişli imkan yaradır. Eyni zamanda gerçəkləşdirilən nəqliyyat layihələri gələcəkdə bu regionun qonşu ölkələr ilə iqtisadi əlaqələrin qurulmasında əsas tranzit əraziyə çevrilməsinə imkan yaradacaq. Bu səbəbdən də azad edilmiş ərazilərdə əlverişli infrastrukturun yaradılması yalnız Azərbaycan üçün deyil, həmçinin bütün region üçün də olduqca əhəmiyyətlidir.

Keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması arzuları artıq reallığa çevrilib. 2022-ci il noyabrın 16-da dövlət başçısı İlham Əliyevin imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib. Sərəncamda qeyd edilib: “Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır”.

Bu Dövlət Proqramının məqsədlərinə aiddir: ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək; şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək; müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək; ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək; əhalinin məşğulluq imkanlarını artırmaq; sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığı təmin etmək; dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək və digərləri. Dövlətimiz tərəfindən atılan bu addımlar Konstitusiyamızda təsbit edilmiş bir sıra sosial hüquqların təmin olunmasından irəli gəlir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərin qısa zamanda doğma yurdlarına qayıtmaları istiqamətində bütün imkanlar səfərbər edilib. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Laçın şəhərinə ilk mərhələdə köçürülən ailələr doğma torpaqlarına qayıdıblar.

Bu gün Azərbaycan sabit və güclü iqtisadiyyatı, maliyyə dayanıqlığı və geniş resursları olan, olduqca mühüm geosiyasi mövqe tutan, eyni zamanda, enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan dövlətdir. Beynəlxalq və regional əməkdaşlığa mühüm töhfələr verməklə, artan iqtisadi gücü və beynəlxalq nüfuzu sayəsində ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”.

Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd edilib: “Beş fundamental nəticə – qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcək. Əldə olunmuş nailiyyətlər son 10 ildə həyata keçirilən genişmiqyaslı hədəflərə hesablanmış islahatların nəticəsidir. Tarixdə az ölkə tapmaq olar ki, cəmi 30 il ərzində belə uğur hekayəsi yaza bilsin”.

Müasir beynəlxalq münasibətlər sisteminin tamhüquqlu üzvü olan ölkəmiz hər il mötəbər, beynəlxalq miqyaslı konfranslara, qlobal forumlara, zirvə görüşlərinə və digər mühüm tədbirlərə, ikitərəfli və çoxtərəfli görüşlərə, idman yarışlarına, musiqi və incəsənət festivallarına layiqincə ev sahibliyi edir. Şübhəsiz ki, bu tədbirlər öz növbəsində Azərbaycanın zəngin tarixi və mədəni irsinin, multikultural dəyərlərinin təbliğinə şərait yaradaraq, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldir.

Bu cür yüksək nailiyyətlərin əldə edilməsi üçün dövlətimizin başçısı İlham Əliyevin şəxsi nüfuzu, qətiyyəti, siyasi iradəsi, milli maraqlara əsaslanan daxili və xarici siyasəti sayəsində çox böyük və ciddi işlər görülüb və görülməkdədir. Əminliklə bildirmək istərdim ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı yeni nailiyyətlərə imza atmaqda bundan sonra da davam edəcək. Konstitusiya Məhkəməsi də öz növbəsində, müəllifi Ulu Öndər Heydər Əliyev olan Əsas Qanunun müdafiəsi, müstəqil dövlətimizin möhkəmlənməsi, qanunçuluğun qorunması istiqamətində dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və mütərəqqi fəaliyyətinə dəstək olaraq, üzərinə düşən məsuliyyətli vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə daim çalışacaq.

 

Fərhad Abdullayev

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin sədri

ƏvvəlkiSahibə Qafarova: Milli Məclisin yaz sessiyasında 9 iclas keçirilib, 90 qanun və qərar qəbul edilib
NövbətiŞuşada Vaqif Poeziya Günlərinin açılışı olub