Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilmişdir. Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak etmişlər.
İclası giriş sözü ilə açan Vüsal Quliyev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sıx birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə olunan qələbənin xalqımıza mənəvi üstünlük gətirdiyi, tarixi inkişafımızda və yüksəlişimizdə yeni mərhələnin uğurlu başlanğıcının əsasını qoyduğunu bildirmişdir. Eyni zamanda, Müzəffər Ali Baş Komandanın diplomatik cəbhədə və informasiya müharibəsində əzmkar fəaliyyəti, güclü və uzaqgörən dövlət xadiminin qətiyyətinin təcəssümü xüsusi olaraq qeyd olunmuşdur.
Çıxış edən Müşahidə Şurası üzvləri və QHT təmsilçiləri işğaldan azad olunan torpaqlarımıza Böyük qayıdış və həmin ərazilərdə həyata keçiriləcək dirçəliş fəaliyyətlərinə tam dəstək olduqlarını və beynəlxalq tribunalarda ölkəmizin haqq işinin müdafiəsi və təbliği istiqamətində əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.