Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən cinayət heç də təsadüfi deyil. Bu, qabaqcadan hazırlanmış, planlaşdırılmış bir cinayətdir, birbaşa Tehran molla rejiminin məhsuludur. Bu cinayət artıq təkcə diplomatik səddi deyil, insani əxlaqi, ümumbəşəri və ən nəhayət Azərbaycan xalqının sinirlərinin sərhədlərini aşan bir cinayət oldu. Bir daha dünyaya sübut oldu ki, İran rejimi başdan-başa terror hakimiyyətidir, onun strukturları ilə bərabər bütün təfəkkürü, mənəviyyatı terrora xidmət edir. Əlində alətə çevirdiyi müqəddəs İslam dinini də sırf terror məqsədlərinə görə istifadə edir. Ona görə də dünya müsəlmanları bu məsələ ilə bağlı öz mövqelərini bildirməlidirlər. İran İslam Respublikası deyil, cinayət respublikası adlandırlmalıdırlar. Güneydə yaşayan soydaşlarımız da birmənalı olaraq bu məsələlərin qarşısında bir daha birləşməli, öz etirazlarını bildirməlidirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz ifadə edib.
“Biz bilməliyik ki, İrandakı mövcud molla hakimiyyətinin Azərbaycana yönəlik, Türk dünyasının xeyrinə heç bir müsbət addımı olmayacaq, daim düşmənçiliyini davam etdirəcək. Onların əsas “bacılığı” ermənilər və fransızlarla, Azərbaycana qarşı düşmən mövqedə dayananlarladır. Biz həm dövlət, həm də xalq olaraq öz ümummilli həmrəyliyimizi, Türk dünyası arasında məqsədliliyi təmin etməklə bu iblislərin qarşısında dayanışma göstərməliyik. Öz soydaşlarımız üzərinə daha çox sərmayə qoymalıyıq, Cənubi Azərbaycan məsələsi günü-gündən daha da gündəmə gəlməli, Cənubi azərbaycanlılara himayə artırılmalıdır. Rəsmi qurumlar yaradılmalı və güneylilərin öz dövlətlərini himayə etməsi ilə bağlı birbaşa iştirakı təmin olunmalıdır. Çıxış yolu budur. Çünki İranda olan 88 milyonluq əhalinin 52 milyonu birbaşa azərbaycanlı və ya türklərdir. Onların da təbii ki, milli şüuru doğru şəkildə formalaşdırılsa, istiqamətləndirilsə orada olan terror dəstələri heç bir addım ata bilməyəcəklər. Biz ən güclü və ən təbii sərmayəmiz, kapitalımız olan xalqımız üzərində diqqəti və himayəni ciddi şəkildə artırmalıyıq”, – deyə Sayman Aruz qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan səfirliyinə qarşı törədilən bu hücum birmənalı olaraq erməni terror təşkilatı ASALA və SEPAH-ın təşkilatşılığı ilə baş verən cinayətdir. Bu, açıq şəkildə ortadadır.
“Azərbaycan səfirliyinə hücum Azərbaycan ərazisinə hücum kimi qiymətləndirilir. Bu, o deməkdir ki, SEPAH və ermənilər Azərbaycanın ərazi bütövlüyünə qarşı ciddi təxribat törətməyə hazırlaşırlar. Ona görə biz bu məsələlərlə bağlı oyaq olmalıyıq, diqqətimizi artırmalıyıq”, – deyə Sayman Aruz vurğulayıb.