Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisinin zəhərlənən heyət üzvlərindən 3-ü dünyasını dəyişib.
Bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.
Onun sözlərinə görə, həmin şəxsləri xəstəxanaya çatdırmaq mümkün olmayıb: “Ölənlərin üçü də İran vətəndaşıdır. Onlardan biri 28, digəri 29, o biri isə 32 yaşında olan kişilərdir.
Xəstəxanaya zəhərlənmə diaqnozu ilə 8 nəfər gətirilib. Onlardan 7-si hospitalizasiya olunub və onlar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Bir nəfərin vəziyyəti normal olduğuna görə ona tibbi yardım göstəriləndən sonra evə buraxılıb. Gəmi kapitanına hazırda yerində tibbi yardım göstərilir və vəziyyəti normaldır.
İlkin ehtimala görə, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir”.