Gürcüstanın paytaxtı Tbilisidə “Məhdudiyyətsiz imkanlar: doğru addımlar” adlı beynəlxalq forum keçirilir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbiri Gürcüstan parlamenti və Böyük Britaniyanın “British Council” təşkilatı birgə təşkil edib.
Gürcüstan, Azərbaycan, Ermənistan, Ukrayna və Böyük Britaniyadan nümayəndələrin qatıldığı forumun keçirilməsində məqsəd inklüziv cəmiyyətin inkişaf etdirilməsi ilə bağlı təcrübənin bölüşülməsi və müzakirə aparmaqdır.
Azərbaycanı tədbirdə Milli Paralimpiya Komitəsinin Baş katibi Kamal Məmmədov təmsil edir. O, Komitənin fəaliyyəti, Azərbaycanda paralimpiyaçıların sosial rifahının yaxşılaşdırılması, dövlətin bu istiqamətində gördüyü işlər və həyata keçirilən layihələr barədə məruzə ilə çıxış edəcək.
“Doğru addımlar atmaq” adlı proqrama 2015-ci ildə Gürcüstan, Azərbaycan, Ermənistan və Ukraynada start verilib. Proqramın əsas ideyası ondan ibarətdir ki, fiziki imkanlardan asılı olmayaraq böyük arzuları olanlar üçün heç bir məhdudiyyət mövcud deyil.
Beynəlxalq forum Gürcüstan və Böyük Britaniya arasında 2019-cu il üzrə əməkdaşlıq proqramının bir hissəsidir.