Ukrayna, Gürcüstan və Azərbaycan Çindən Avropaya dəmir yolu marşrutu qurmaq və onu 2020-ci ilə qədər işə salmaq niyyətindədir.
Türk.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur nazirinin müavini Yuri Lavrenyuk Odessada keçirilən “Ukrainian Ports Forum 2019″da bildirib.
“Hazırda Azərbaycan, Gürcüstan və Ukraynanın dəmir yollarının korporasiyasının yaradılması, Xəzər dənizi və Ukraynadan keçməklə Çindən Avropaya qədər uzanan dəmiryol marşrutunun işlənin hazırlanması üzrə əməkdaşlıq və iş davam edir. Xəzər dənizində iki bərə “Azərbaycan Dəmir Yolları”na xidmət göstərir. “Ukrayna Dəmir Yolları”nın da balansında hazırda iki bərə var və onlardan birgə fəaliyyət üçün istifadə edilməsi planlaşdırılır. İndi qarşıda dayanan əsas məsələ buraxıcılıq imkanlarını artırmağa və bütün yükləri Ukraynadan göndərməyə imkan verəcək vahid marşrut və vahid tarif müəyyənləşdirməkdir”, – Y.Lavrenyuk deyib.
Onun sözlərinə görə, Ukrayna tərəfi bu layihə çərçivəsində üzərinə düşən öhdəliklərin təxminən 80 faizini yerinə yetirib və layihənin işə salınması 2019-cu ilin sonuna nəzərdə tutulub.