Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə, ATƏT Nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutan və 3 saat yarımdan çox davam edən görüşü zamanı tərəflər geniş müzakirələr aparıblar.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıb.
Eyni zamanda nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.
***22:20 – 04.12.2019
Slovakiyanın paytaxtı Bratislavada Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter” səhifəsində bildirib.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edir.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunur.
Qeyd edək ki, E.Məmmədyarovla Z.Mnatsakanyan arasında sonuncu görüş sentyabrın 24-də ABŞ-ın Nyu-York şəhərində keçirilib.