Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Sahibə Qafarova Fransanın Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli mövqeyini tənqid edib. O deyib ki, Cənubi Qafqazdakı vəziyyətə birtərəfli, qərəzli yanaşma regionumuzda uzunmüddətli sülhün bərqərar olması səylərinə heç bir fayda vermir.
Sahibə Qafarova Fransa parlamentinin hər iki palatasının Azərbaycanla Ermənistan arasında normallaşmaya və sülh prosesinə mənfi təsir göstərən bir çox bəyanatlar, qətnamələr qəbul etdiyini xatırladaraq deyib ki, bu sənədlər beynəlxalq hüququn norma və prinsiplərinə zidd olub, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü şübhə altına alıb. Əvəzində, bütün bu addımlar ərazilərimizdə separatizmi dəstəkləyib və Ermənistanda revanşist qüvvələri cəsarətləndirib.
O, həmçinin Yael Braun-Pivetin 2023-cü ildə Ermənistana səfər etdiyini vurğulayaraq deyib ki, əgər Fransa Milli Assambleyasının sədri Ermənistandan sonra Azərbaycana da səfər etsəydi, bu ölkəmizin mövqeyi ilə də tanış olmaq üçün yaxşı fürsət ola bilərdi. “Biz Fransanın 30 ildir, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını, şəhərlərimizi, kəndlərimizi, tarixi və mədəniyyət abidələrimizi dağıtmasını pislədiyinin şahidi olmamışıq. Fransa Ermənistanın etnik təmizləmə siyasəti ilə üzləşmiş, Ermənistandan qaçqın və Qarabağdan məcburi köçkün düşmüş bir milyon azərbaycanlının hüquqlarından heç vaxt danışmayıb”, – deyən S. Qafarova, həmçinin Azərbaycanın Qarabağ regionunda həyata keçirdiyi lokal antiterror tədbirləri haqqında geniş məlumat verib, erməni sakinlərin reinteqrasiya məsələsinə toxunub.
Görüşdə, eyni zamanda, Qarabağda infrastrukturun bərpası, yerli əhaliyə humanitar yardımın göndərilməsi barədə məlumat verilib.